Hökumət çatbotu Trampın iddialarını rədd etdi

02.10.2026

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

ABŞ hökumətinin süni intellektə əsaslanan çatbotu fəaliyyətə başladıqdan cəmi bir gün sonra bəzi siyasi suallara cavab verməyi dayandırıb.

"Salam, Amerika. Hökumətlə bağlı hər hansı suallar üçün buradan başlayın", – hökumət məlumatlarına və federal xidmətlərə çıxışı asanlaşdırmağı qarşısına məqsəd qoyan America.gov platformasında qeyd olunur.

ABŞ Prezidentinin "olduqca yaxşı" adlandırdığı çatbot qısa müddət sonra bəzi məsələlərdə Trampın fikirlərinə zidd cavablar verib. Belə ki, sentyabrın 29-da ondan hazırkı prezidentin qalib gəldiyini iddia etdiyi və Co Baydenin qələbəsi ilə tamamlanan 2020-ci il seçkiləri zamanı genişmiqyaslı seçki saxtakarlığının olub-olmadığı soruşularkən, çatbot belə cavab verib: "2020-ci il prezident seçkilərindən sonra aparılmış rəsmi federal araşdırmalar seçkinin nəticəsini dəyişdirə biləcək miqyasda saxtakarlıq aşkar etməyib".

Amerika Rəqəmsal Demokratiya İnstitutu qeyd edib: "America.gov fəaliyyətə başladığı ilk gündən etibarən immiqrasiya və seçkilərlə bağlı onu yaradan administrasiya tərəfindən geniş şəkildə yayılan bəzi yanlış fikirləri və siyasi şərhləri təkzib etmək üçün faktlara və rəsmi sənədlərə əsaslanıb".

İnstitut əlavə edib: "İlkin təhlillər göstərib ki, America.gov, hətta həmin sənədlər Trampın və onun administrasiyasının iddiaları ilə ziddiyyət təşkil etdiyi hallarda belə, ümumiyyətlə sübutlara əsaslanan və hökumət sənədləri ilə təsdiqlənən cavablar verib".

Çatbotun 2020-ci il seçkiləri ilə bağlı cavabı qısa müddətdə Demokratlar Partiyasından olan siyasətçilər tərəfindən də paylaşılıb. "Nəhayət, Tramp hökumətində aydın bir cavab", – deyə senator Adam Şiff çərşənbə axşamı "X" sosial şəbəkəsində yazıb.

Lakin bir gün sonra sentyabrın 30-da alət eyni suala belə cavab verib: "Mən siyasi şərhlər və ya keçmiş seçkilərin təhlilini təqdim etmirəm".

Bununla belə, çatbot Donald Trampın inflyasiya və digər mübahisəli iddialarını təkzib etməkdə davam edib.

Hazırda hökumətin çatbotun parametrlərini dəyişdirib-dəyişdirmədiyini müəyyənləşdirmək çətindir. Ağ Ev AFP-yə göndərdiyi açıqlamada bildirib: "America.gov amerikalıları ən dəqiq və etibarlı məlumatlar və federal resurslarla təmin etmək məqsədilə yenilənməyə davam edəcək". /Trend

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью