Gununsesi saytına istinadən Icma.az xəbər verir.
Guya hökumət ciddi qənaət rejiminə keçib. Bəs onda niyə məmurlar səfərlərə biznes klassda uçur?
Gununsesi.info bildirir ki, bunu tanınmış vəkil Əkrəm Həsənov yazıb.
Onun sözlərinə görə, xarici ölkələrdə biznes klassdan adətən yalnız hökumət üzvləri (yəni nazirlər) istifadə edir, o da həmişə yox:
“Məsələn, ABŞ-da biznes klassdan həmin vəzifəli şəxslər 14 saatdan çox davam edən uçuş zamanı istifadə edə bilərlər. Bu da təsadüfi deyil, çünki qiymət fərqi orta hesabla 2-5 dəfə çox təşkil edir. Məsələn, ekonom klassla uçuş 500 manatdırsa, biznes klassla 1000-2500 manat, bəzən isə daha da çox ola bilər.
Bizdə isə at ilxısı, köpək sürüsü biznes klassla uçur! Deməli, Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 saylı “Ezamiyyə xərclərinin normaları haqqında” Qərarına əsasən biznes klassla bizim hesabımıza aşağıdakı şəxslər uçur:
1) Baş nazir və onun müavinləri;
2) deputatlar;
3) nazirlər (komitə) və onların müavinləri;
4) dövlət agentliklərinin və dövlət xidmətlərinin rəhbərləri;
5) Konstitusiya Məhkəməsinin hakimləri;
6) Ali Məhkəmənin sədri və onun müavini;
7) Milli Məclisin, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin, Nazirlər Kabinetinin Aparat rəhbərləri;
8)Hesablama Palatasının sədri və auditorları;
9) Mərkəzi Seçki Komissiyasının, Audiovizual Şuranın, apellyasiya məhkəmələrinin sədrləri
10) Milli Elmlər Akademiyasının prezidenti;
11) Ombudsman;
12) Baş prokorur və onun müavinləri;
13) Bakı Şəhər İcra Hakimiyyəti başçısı;
14) fövqəladə və səlahiyyətli səfir diplomatik rütbəsi olan xüsusi tapşırıqlar üzrə səfirlər, diplomatik nümayəndəliklərinin rəhbərləri və baş konsullar, Prezident tərəfindən yaradılmış hökumətlərarası komissiyaların tərkibinə daxil olan şəxslər.
Məlumdur ki, məmurlarımız xaricə əksər hallarda lazımsız tədbirlərdə (boş-boş görüşlər, konfranslar, seminarlar, təlimlər və s.) iştirak üçün uçurlar. Sadəcə gəzməyə gedirlər. Amma tutaq ki, lap səfərlərinin faydası var. Niyə biznes klassla? Əminəm ki, onlar ekonom klassla uçsalar, il ərzində on milyonlarla manat vəsaitə qənaət edilmiş olar. Axı niyə real qənaət məmurların deyil, həmişə əhalinin başında çatlamalıdır?”
Hüquqşünas deyib ki, siyahıda dövlət şirkətləri və publik hüquqi şəxslər yoxdur:
“Təbii, onların da vəzifəliləri biznes klassla uçur. Sadəcə guya dövlət büdcəsi hesabına deyil, qurumların öz hesabına uçurlar. Sanki yekunda dövlət hesabına deyilmiş kimi…”
Afət Abbasova
Gununsesi.info