Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Belə ki, Aqrar Subsidiya Şurasının qərarı ilə istifadəsində azı 100 ha örüş və ya otlaq sahəsi olan 500 baş və ya daha artıq xırdabuynuzlu heyvan olan təsərrüfatlarda qeydiyyatda olan heyvana görə 4 manat, diri çəkisi 600 kiloqram və daha çox olan iribuynuzlu heyvanlara görə hər kq diri çəki üzrə 0,4 manat subsidiya təyin olunub.
Ölkə.az sözügedən subsidiyaların heyvandarlığa təsirini, nəticədə, ət qiymətlərində gözlənilən dəyişiklikləri araşdırıb.
İqtisadçı ekspert Eldəniz Əmirov saytımıza açıqlamasında bildirib ki, erkən kəsimin qarşısının alınması ölkədə ət istehsalının həcmini artıra bilər:
"Müvafiq tədbirlərin görülməsi: maarifləndirmə, inzibati prosedurlar ət istehsalının həcmini artıra bilər və şübhəsiz ki artıracaqdır. Lakin bunun ətin qiymətinə təsiri gözlənilən deyil. Özəlliklə də, ucuzlaşma proqnozlaşdırılmır".
Ekspert deyib ki, bunun bir sıra obyektiv səbəbləri var: "Çünki ölkədə istehsal həcmi yetəri qədər deyil. Eyni zamanda, digər istiqamətlərdə müəyyən problemlər var. Belə ki, tələbatın yüksək, bazardakı məhsulun da yetəri qədər olmaması bu həcmin artırılmasını zəruri edir. Düşünmürəm ki, erkən kəsimlərin qarşısının alınması qiymətləri endirəcək qədər istehsalı artırsın".
E.Əmirovun fikrincə, daxili istehsalın artırılması üçün kompleks tədbirlərin həyata keçirilməsinə ehtiyac var. O vuröulayıb ki, bu sahədə obyektiv maneələr mövcuddur:
"Belə ki, son dövrlər ölkəmizdə otlaq və biçənək sahələrinin həcmi kifayət qədər azalıb. Bunun əvəzində isə əkin sahələri artıb. Ölkəmizin torpaq resursları kifayət qədər geniş deyil".
İqtisadçı ekspert Natiq Cəfərli isə kəndlilərin, kiçik-orta sahibkarların, fermerlərin proqramdan kənarda qalacağını bildirib.
"Ölkədə hansı kiçik-orta sahibkarın, fermerin 100 hektar torpağı, 500 və daha artıq baş qoyun-keçisi var? Bu subsidiyaları kim alacaq? 500 qoyunu olan üçün ildə cəmi 2000 manat subsidiya veriləcəksə, bu, hansı dərdə dərman olacaq? Hələ bu 2000 manatı almaq üçün otlaqlarda, örüş yerlərində münbitlik, biomüxtəliflik artmalıdır", - o deyib.
Könül