Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Mançester Siti”nin hücumçusu Erling Holand karyerasını Ispaniya La Liqasında davam etdirə bilər. Lakin norveçli futbolçunu transfer etmək istəyən klublar onun əsas tələblərindən birini qəbul etməli olacaqlar.
İdman.Biz El Nacional-a istinadən xəbər verir ki, 26 yaşlı forvard nə “Real Madrid”ə, nə də “Barselona”ya keçid ehtimalını istisna edir. Bununla belə, mümkün transferin əsas şərti müqaviləyə sabit məbləğli sərbəstqalma maddəsinin daxil edilməsi olacaq.
Holand gələcək karyerası ilə bağlı qərarlara şəxsən təsir etmək və zərurət yaranacağı təqdirdə uzunmüddətli danışıqlara ehtiyac olmadan klubunu dəyişmək imkanını qorumaq istəyir. Müqavilədə nəzərdə tutulan məbləğ bir tərəfdən klubun maraqlarını müdafiə edəcək qədər yüksək, digər tərəfdən isə potensial alıcılar üçün real olmalıdır.
Futbolçunun agenti Rafaela Pimenta da bu yanaşmanı dəstəkləyir. O hesab edir ki, uzunmüddətli müqavilələr müştərilərinin gələcək seçim azadlığını məhdudlaşdırmamalıdır.
Mümkün danışıqlar zamanı sərbəstqalma maddəsinin hansı tarixdən qüvvəyə minəcəyi və hansı klubların bu hüquqdan istifadə edə biləcəyi də müzakirə oluna bilər.
Holandın gələcəyinə təsir göstərə biləcək digər amil “Mançester Siti”nin ehtimal olunan maliyyə qayda pozuntuları ilə bağlı işi üzrə mümkün sanksiyalardır.
Qeyd edək ki, Transfermarkt portalı norveçli hücumçunun bazar dəyərini 220 milyon avro (təxminən 437 milyon manat) qiymətləndirir.