Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Məlum olduğu kimi Çempionlar Liqasında əsas mərhələnin son turunda ''Mançester Siti'' ''Qalatasaray''ı iki cavabsız qolla məğlub etdi.
"Football-plus.az" xəbər verir ki, qələbənin əsasını qoyan Erlinq Holann həm də 5 oyunluq qolsuz seriyaya son qoydu.
Bu arada norveçli superulduzun qol sevinci ilə bağlı detal diqqət çəkib. Forvard qoldan sonra yumruğunu bir neçə dəfə ürəyinə vurdu. Bu sevinc daha çox Lids fanatları arasında populyardı və İngiltərədə ''Lids salyutu'' adlanır. Holannın qolu bu cür şəkildə qeyd etməsinin təbii ki, mühüm bir səbəbi var. O, 2000-ci ildə Lids şəhərində doğulub. Atası Alf-İnqe həmin il məhz ''Lids''in şərəfini qoruyurdu. Erlinq 2022-nin dekabrında bu kluba qol vurduqdan sonra sevinməmişdi.
Oyundan sonra isə bunları demişdi: ''Bu hərəkətimi əvvəlcədən planlamışdım. Qola sevinmək istəmədim. Çünki Lidsdə doğulmuşam və bu kluba böyük hörmətim var. Valideynlərim də tribunada idi. Mənim üçün özəl bir an idi''.
Yaşı az olan fanatlar bəlkə də ''Qalatasaray''a qol vurmaqla ''Lids''i xatırlamaq arasında bir əlaqə tuta bilmir. Amma bir qədər stajlı fanatlar yəqinki söhbətin nədən getdiyini gözəl anlayır.
2000-ci ildə UEFA kubokunun yarımfinalında ''Lids'' ilə ''Qalatasaray''ın İstanbuldakı dueli böyük faciə ilə nəticələnmişdi. ''Lids''in iki azarkeşi İstanbuldakı oyundan öncə bıçaqlanaraq öldürülmüşdü. UEFA Bu hadisə üzündən İngiltərədəki cavab matçında türkiyəli fanatların stadiona buraxılmasına qadağa qoymuşdu. ''Qalatasaray'' o dueldən qalib ayrılmış və finalda da ''Arsenal''ı oyunsonrası penaltilər seriyasında yenərək UEFA kubokunun qalibi olmuşdu.