Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
2026-cı ildə seriallardan ən yüksək qonorar alan Hollivud ulduzlarının siyahısı açıqlanıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin nüfuzlu “Variety” nəşri televiziya və rəqəmsal platformalarda yayımlanan seriallarda çəkilən aktyorların qazancını araşdırıb.
Siyahının ilk pilləsini Cennifer Eniston, Riz Uizerspun, Kris Pratt və Silvestr Stallone bölüşürlər. Məlumata görə, bu aktyorların hər biri çəkildiyi serialın bir bölümünə görə təxminən 2 milyon dollar qonorar alır.
Cennifer Eniston və Riz Uizerspun “Apple TV” platformasının “The Morning show” serialında iştiraka görə bu məbləği qazanırlar. Kris Pratt “Amazon prime video”nun “The terminal list” layihəsindəki baş roluna, Silvestr Stallone isə “Paramount+” platformasında yayımlanan “Tulsa king” serialındakı obrazına görə eyni məbləğdə qonorar əldə edir.
Reytinqin növbəti pilləsində britaniyalı aktyor Kennet Brana qərarlaşıb. Onun “Paramount+” platformasının hazırladığı “Laird” serialında hər bölüm üçün 1,4 milyon dollar qazanacağı bildirilir.
Harrison Ford və Ceyson Siqel “Shrinking” serialındakı rollarına görə hərəyə 1,3 milyon dollar qonorarla növbəti pilləni bölüşürlər.
Kelli Rayli və Koul Hauzer “Dutton Ranch” layihəsində bir bölüm üçün 1,2 milyon dollar, Elizabet Moss isə “Shining Girls” serialında 1,1 milyon dollar qonorar alan aktyorlar sırasında göstərilib.
Siyahıda hər bölüm üçün təxminən 1 milyon dollar qazanan məşhurlar da yer alıb. Onların arasında Nikolas Keyc, Selena Qomez, Cud Lou, Robert De Niro, Endryu Qarfild, Cennifer Qarner, Zendaya, Martin Şort və Alan Riçson kimi tanınmış simalar var.
Araşdırma göstərir ki, böyük rəqəmsal platformalar məşhur aktyorları öz layihələrinə cəlb etmək üçün milyonlarla dollar xərcləməyə davam edirlər.