Hollivudun müharibə dövründəki qalmaqallı KONKRET

17.11.2026

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

Bu hadisə uydurma deyil, İkinci Dünya müharibəsi dövründə Hollivud tarixində baş vermiş real, lakin kifayət qədər mübahisəli bir epizoddur. O, mühüm humanitar missiyanın necə şübhəli bir media tamaşasına çevrilə biləcəyinin parlaq nümunəsidir. Bu hadisədə xeyriyyəçiliklə qadın seksual istismarının sərhədləri, demək olar ki, aradan qalxmışdı.

Əslində, söhbət sırf xeyriyyə aksiyasından deyil, diqqəti geyim toplama kampaniyasına yönəltmək üçün təşkil edilmiş kifayət qədər kinayəli reklam gedişindən gedirdi. İngilis dilində belə halları ifadə edən xüsusi termin də var: publicity stunt – ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə qurulan reklam tamaşası.

Bəs nə baş vermişdi?

1945-ci ilin yazında, Avropada müharibənin başa çatmaq üzrə olduğu bir vaxtda, Birləşmiş Millətlər Təşkilatının Yardım və Bərpa Administrasiyası (UNRRA) ehtiyacı olan insanlar üçün genişmiqyaslı geyim toplama kampaniyası keçirirdi. Müharibədən əziyyət çəkən avropalılara yardım məqsədilə təşkil olunan bu kampaniyaya ictimaiyyətin diqqətini cəlb etmək üçün Hollivudun tanınmış reklam mütəxəssisi Rassel Berdvell Los-Ancelesdə qeyri-adi fotosessiya təşkil etdi.

Beləliklə, bir qrup gənc aktrisa soyunaraq poker oynamağa başladı. Daha dəqiq desək, bu, uduzan iştirakçıların geyimlərini çıxardığı striptiz-poker oyunu idi.

Aksiyanın şüarı isə kifayət qədər cəlbedici və eyni zamanda mübahisəli idi: “BMT-nin geyim toplama kampaniyası naminə özünüzü soyunun!” (Take off your clothes for the United National Clothing Collection).

Məhz bu səbəbdən poker masası ətrafına bugünkü terminlə desək, bir neçə məşhur sima toplaşmışdı.

İştirakçılar arasında tanınmış rəqqasə və aktrisa Enn Miller, eləcə də aktrisa Nina Fok var idi. Maraqlıdır ki, Nina Fok cəmi bir neçə həftə əvvəl studiyanın təklif etdiyi müqavilədən imtina etmişdi. Səbəb isə onun əxlaqa zidd hesab etdiyi səhnələrdə çəkilmək istəməməsi idi. Lakin xeyriyyə aksiyası naminə o, soyunmağa razılıq vermişdi. Özü də bunu bir dəfə deyil, dəfələrlə etmişdi.

Fotosessiyada Evelin Kiz, Rene DeMarko və Toni Seven də iştirak edirdilər.

Tədbir cəmiyyətdə birmənalı qarşılanmadı. Təşkilatçılar və bəzi media orqanları baş verənləri əyləncəli zarafat, eyni zamanda humanitar ruhun təzahürü kimi təqdim etməyə çalışsalar da, bu yanaşmanı qəbul etməyənlər də az deyildi.

Məsələn, ABŞ ordusunun Stars and Stripes qəzetində hadisəyə kəskin etiraz bildirən məktub dərc olundu. Məktubun müəllifi bu xəbəri “ən iyrənc informasiya” adlandırır, təşkilatçıları isə humanitar məqsəddən istifadə edərək öz müştəriləri üçün pulsuz reklam əldə etməkdə ittiham edirdi.

Tənqidçilərin başqa bir iradı da kifayət qədər məntiqli səslənirdi: kamera qarşısında soyunulan paltarlar müharibədən sonrakı Avropada soyuqdan əziyyət çəkən insanları necə isidə bilərdi?

Beləliklə, müharibənin ağır nəticələrinin aradan qaldırılmasına yönəlmiş humanitar kampaniya Hollivudun reklam mexanizminin bir hissəsinə çevrildi. Xeyriyyəçilik pərdəsi altında təşkil olunan bu qeyri-adi tamaşa isə illər sonra da müzakirə edilən tarixi epizodlardan biri kimi yadda qaldı.

Rəsmiyyə Şərifova,
KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью