Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Dünya enerji xəritəsində kiçik görünən, lakin qlobal iqtisadiyyat üçün böyük əhəmiyyət daşıyan bir dəniz keçidi son günlər yenidən diqqət mərkəzindədir. Söhbət dünya neft və mayeləşdirilmiş təbii qaz daşımalarının mühüm hissəsinin həyata keçirildiyi Hörmüz boğazından gedir. Burada gəmi hərəkətinin kəskin azalması enerji bazarlarında yaranmış həssas vəziyyətə yeni bir göstərici əlavə edib.
Reuters-in yaydığı məlumata görə, sentyabrın 15-də Hörmüz boğazından cəmi 4 gəmi keçib. Bu göstərici əvvəlki 10 günün orta hesabla 18 gəmi təşkil edən gündəlik keçid səviyyəsindən xeyli aşağıdır. Mənbə bu məlumatları gəmi hərəkətinin ilkin izlənməsi nəticələrinə əsasən yayıb.
Məlumata görə, keçən 4 gəmidən ikisi boğaza daxil olub, ikisi isə oradan çıxıb. Həmin gün çox iri xam neft tankerlərinin və mayeləşdirilmiş təbii qaz daşıyan tankerlərin keçidi qeydə alınmayıb. Bununla belə, transponderlərini söndürən bəzi gəmilərin müşahidə sistemlərində görünməməsi ehtimalı da nəzərə alınır.
Hörmüz boğazının əhəmiyyəti onun coğrafi ölçüləri ilə müqayisə olunmayacaq dərəcədə böyükdür. Agentlik bildirir ki, bu su yolu əvvəllər dünya neftinin və mayeləşdirilmiş təbii qazının təxminən beşdə birinin daşındığı marşrut olub. Buna görə burada gəmi hərəkətinin azalması yalnız regional nəqliyyat göstəricisi deyil, beynəlxalq enerji təchizatının vəziyyətinə dair mühüm siqnal kimi qiymətləndirilir.
Xəbərdə ayrı-ayrı gəmilərin hərəkəti barədə də məlumat verilir. “Salute” adlı iri qazdaşıyan gəmi İran marşrutu ilə boğazdan çıxaraq təxminən 470 min barel LPG, “Nautilus” adlı Panamax tipli tanker isə təxminən 510 min barel nafta daşıyıb. Boğaza daxil olan gəmilər arasında isə neft məhsulları tankeri və quru yük gəmisi olub.
Hörmüz boğazında vəziyyətin dəyişməsi Bab əl-Məndəb boğazındakı hərəkətlə də müqayisə olunur. Məlumata əsasən, həmin marşrutda sentyabrın 15-də 22 gəmi keçib; bundan əvvəlki gün bu rəqəm 24 olub. Bu göstərici iki mühüm dəniz marşrutundakı vəziyyətin eyni olmadığını göstərir.
Hazırkı mənzərə bir daha təsdiqləyir ki, qlobal enerji təhlükəsizliyi yalnız hasilat həcmlərindən asılı deyil. Enerji resurslarının istehlakçı bazarlarına çatdırıldığı dəniz yollarında baş verən dəyişikliklər də təchizat zəncirinin vəziyyətinə birbaşa təsir göstərə bilər. Hörmüz boğazında gəmi keçidlərinin 10 günlük orta göstərici ilə müqayisədə belə kəskin azalması məhz bu baxımdan beynəlxalq iqtisadi gündəmdə xüsusi əhəmiyyət daşıyır.
N.Adilqızı
XQ