Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Yaxın Şərqdəki münaqişələr neft qiymətlərinin yüksəlməsinə səbəb olduğu bir vaxtda Hindistanda 4 ildən sonra ilk dəfə benzin və dizel qiymətləri artırılıb.
"Cebheinfo.az" xəbər verir ki, “The Indian Express” qəzetinin xəbərinə görə, Hindistanda yanacaq şirkətləri benzin və dizelin litr qiymətini 3 rupi (0,031 dollar) artırıb.
Son artımdan sonra paytaxt Dehlidə benzinin litr qiyməti 97,77 rupiyə (1,02 dollar), dizelin litr qiyməti isə 90,67 rupiyə (0,95 dollar) yüksəlib.
Bu artım ölkədə son 4 ildə yanacaq qiymətlərinə edilən ilk dəyişiklik kimi qeydə alınıb. Hindistanda yanacaq qiymətləri ştatların tətbiq etdiyi fərqli vergi dərəcələrinə görə bölgələr arasında dəyişə bilir.
Hindistanın Baş naziri Narendra Modi ABŞ-İsrail və İran arasında baş verən müharibə səbəbilə dərinləşən enerji böhranı və yüksələn neft qiymətlərindən sonra yanacaq istehlakının və valyuta axınının azaldılması, həmçinin yerli məhsullardan istifadənin artırılması çağırışı etmişdi.
Modi valyuta üzərindəki təzyiqi azaltmaq üçün vətəndaşlardan bir il ərzində zəruri olmayan qızıl alışlarından çəkinmələrini istəyib. O həmçinin xarici ölkələrə səfərlərin və xaricdə keçirilən toy mərasimlərinin məhdudlaşdırılmalı olduğunu bildirib, metro və ictimai nəqliyyatdan istifadənin genişləndirilməsinə çağırıb.
ABŞ-İsrail və İran arasında davam edən müharibə səbəbilə Hörmüz boğazının faktiki olaraq bağlanması enerji bazarlarında ciddi böhran yaradıb.
Qeyd olunur ki, Hörmüz boğazı Yaxın Şərqdə hasil olunan neft və mayeləşdirilmiş təbii qazın (LNG) Oman dənizi və Hind okeanı vasitəsilə dünya bazarlarına çıxarılması üçün əsas marşrutlardan biridir.
Nigar Hacılı
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin