Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.
“2026-cı ildə qlobal iqtisadiyyata təsir edən əsas amillərdən biri Yaxın Şərqdə baş verən proseslər, xüsusilə də Hörmüz boğazında yaranan vəziyyət olub”.
Bu fikirləri Xalq Cəbhəsi.az-a açıqlamasında millət vəkili Vüqar Bayramov bildirib.
O qeyd edib ki, növbəti aylarda da Hörmüz boğazından istifadə imkanları qlobal iqtisadi proseslərə, xüsusilə enerji bazarına birbaşa təsir göstərəcək:
“Əslində, neftin qiymətindəki dəyişikliklər yalnız qlobal iqtisadiyyatda geriləmələrlə bağlı deyil. Dünya bazarında neft qiymətlərinə həm texniki, həm də siyasi amillər təsir edir. İran-ABŞ münasibətləri və danışıqlar prosesi də neft qiymətlərinin formalaşmasına təsir göstərən əsas faktorlardan biridir. Hörmüz boğazından istifadə imkanlarının genişlənməsi gələcək dövrlərdə enerji bazarındakı qiymətlərə təsirsiz ötüşməyəcək.
Qlobal iqtisadiyyatın gələcək dinamikası müəyyən mənada İran-ABŞ münasibətlərindən də asılı olacaq. Yaxın Şərqdəki vəziyyət strateji məhsulların, xüsusilə enerji resurslarının qiymətlərinə birbaşa təsir göstərir”.
Deputat qeyd edib ki, Azərbaycan idxal olunan məhsulların qiymətlərinin optimallaşdırılması və inflyasiya təsirlərinin azaldılması istiqamətində tədbirlər həyata keçirir:
“Əsas məqsəd 2026-cı il üçün nəzərdə tutulan inflyasiya hədəfinin qorunub saxlanılmasıdır. Yay mövsümündə kənd təsərrüfatı məhsullarının təklifinin artması idxal inflyasiyasının təsirlərini müəyyən qədər azaldır. Lakin qarşıdakı dövrlərdə əsas diqqət xüsusilə payız və növbəti mövsümlərdə idxal inflyasiyasının təsirlərinin minimuma endirilməsinə yönələcək.
Bu istiqamətdə hökumət tərəfindən mütəmadi tədbirlər həyata keçirilir”.
Günel Elxan