Icma.az, Xalq qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Yaxın Şərqdə uzun müddətdir davam edən hərbi-siyasi qarşıdurma noyabrın 3-də yeni mərhələyə qədəm qoyub. ABŞ qüvvələrinin İran ərazisindəki hədəflərə zərbələr endirməsi regionda vəziyyətin yenidən kəskinləşməsi ilə bağlı narahatlıqları artırıb. Hərbi əməliyyatların diplomatik danışıqların davam etdiyi bir vaxtda baş verməsi isə Vaşinqton və Tehran arasında mümkün razılaşmanın perspektivlərini sual altına qoyub.
Associated Press agentliyinin yaydığı məlumata görə, ABŞ İranın Hörmüz boğazı ətrafındakı hərbi hədəflərinə zərbələr endirib. ABŞ rəsmisinin bildirdiyinə əsasən, əməliyyat İran qüvvələrinin boğazda Amerika hərbçilərinə qarşı hava hücumundan müdafiə raketlərindən istifadə etməsi ilə əlaqədar həyata keçirilib. İran dövlət mediası Qeşm və Hengam adalarında, eləcə də Bəndər-Abbas ətrafında partlayışların baş verdiyini bildirib.
Bu hadisə xüsusi strateji əhəmiyyətə malikdir. Çünki Hörmüz boğazı dünya enerji təhlükəsizliyinin əsas arteriyalarından biridir. Sülh dövründə dünya neft təchizatının təxminən beşdə biri məhz bu su yolu vasitəsilə daşınır. Boğazda hərbi qarşıdurmanın güclənməsi yalnız region ölkələrinə deyil, qlobal enerji bazarına, beynəlxalq ticarətə və dünya iqtisadiyyatına da birbaşa təsir göstərə bilər.
Diqqətçəkən məqamlardan biri isə hərbi zərbələrin diplomatik təmasların intensivləşdiyi bir vaxta təsadüf etməsidir. ABŞ-nin vitse-prezidenti Cey Di Vens Vaşinqtonun İranla razılaşma əldə etmək imkanlarına müsbət yanaşdığını açıqlamışdı. Digər tərəfdən, İran Hörmüz boğazının açılması və nüvə danışıqlarının bərpası ilə bağlı iki gün ərzində həyata keçirilə biləcək təklif irəli sürüb. Tehran bunun üçün ABŞ-dən İran limanlarına tətbiq olunan dəniz blokadasının aradan qaldırılmasını, neft satışına qoyulan məhdudiyyətlərin ləğvini və digər tələblərinin qəbul edilməsini istəyir.
İran parlamentinin sədri və danışıqlarda əsas nümayəndələrindən biri Məhəmməd Baqir Qalibaf ölkəsinin ABŞ-yə qəti və əsaslandırılmış cavab verdiyini bildirərək növbəti hərbi eskalasiya təhlükəsinə diqqət çəkib. O, İran silahlı qüvvələrinin yüksək döyüş hazırlığı vəziyyətində olduğunu vurğulayıb.
Diplomatik prosesdə Qətərin vasitəçilik səyləri də diqqət mərkəzindədir. Qətər nümayəndə heyətinin Tehrana səfəri və İran rəsmiləri ilə müvəqqəti razılaşma layihəsinin müzakirəsi tərəflər arasında siyasi dialoqun tamamilə dayanmadığını göstərir. Bununla belə, hərbi əməliyyatların davam etməsi və tərəflərin qarşılıqlı tələbləri razılaşmanın əldə olunmasını çətinləşdirir.
Gərginliyin iqtisadi nəticələri artıq beynəlxalq maliyyə bazarlarında da hiss olunur. Associated Press-in bu gün yaydığı digər xəbərə əsasən, ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarından sonra neft qiymətləri yüksəlib. Brent markalı neftin bir barelinin qiyməti 106,58 dollara, ABŞ-nin WTI markalı neftinin qiyməti isə 97,88 dollara çatıb. Asiya və Avropa fond bazarlarında da geriləmə qeydə alınıb. Bu göstəricilər Yaxın Şərqdəki hadisələrin qlobal iqtisadi proseslərlə nə qədər sıx bağlı olduğunu bir daha nümayiş etdirir.
Hazırkı vəziyyət göstərir ki, regionda sabitliyin bərpası üçün hərbi güc tətbiqindən daha çox diplomatik iradə və qarşılıqlı kompromisə ehtiyac var. Hörmüz boğazında təhlükəsizliyin təmin olunması, enerji marşrutlarının açıq saxlanılması və nüvə məsələsi üzrə danışıqların bərpası yalnız ABŞ və İranın deyil, bütövlükdə beynəlxalq ictimaiyyətin maraqlarına xidmət edir. Dünyanın diqqəti indi tərəflərin növbəti addımlarına və diplomatiyanın hərbi qarşıdurmanın qarşısını almaq imkanlarına yönəlib.
N.Adilqızı
XQ