Horovluda həyat tam bərpa olunub, kəndin Baş planı CİS platformasına inteqrasiya edilib FOTO

26.01.2026

Apa.az saytına istinadən Icma.az xəbər verir.

1993-cü ildə Ermənistan silahlı qüvvələrinin işğal etdiyi, 27 il sonra – 2020-ci il oktyabrın 4-də Azərbaycan Ordusunun azad etdiyi Cəbrayıl rayonunun Horovlu kəndində hazırda genişmiqyaslı bərpa və yenidənqurma işləri başa çatdırılıb, kənddə həyat tam bərpa olunub.

APA-nın Qarabağ bürosunun məlumatına görə, Horovlu kəndində sakinlərin rahat yaşayışı üçün bir və ikimərtəbəli fərdi yaşayış evləri inşa edilib.

Bununla yanaşı, 624 şagirdlik məktəb binası, 220 yerlik körpələr evi–uşaq bağçası, ikimərtəbəli inzibati bina, bazar kompleksi, çoxfunksiyalı iaşə obyektləri, tibb məntəqəsi və idman-sağlamlıq mərkəzi tikilərək istifadəyə verilib.

Ümumi sahəsi 248 hektar olan kənddə 334 fərdi ev inşa olunub. Evlər 2, 3, 4 və 5 otaqlıdır. Bütün yaşayış evləri su, elektrik enerjisi, təbii qaz, günəş panelləri və yüksəksürətli internet daxil olmaqla müasir kommunikasiya xətləri ilə təmin edilib. Evlərin fasadlarında Qarabağ xalçalarına məxsus ornamentlərdən istifadə olunub. Kənddaxili yollar asfaltlanıb, səkilər salınıb və müasir işıqlandırma sistemi qurulub.

Horovlu kəndində 4,4 hektar ərazini əhatə edən park kompleksi də yaradılıb. Parkda uşaqlar üçün oyun zonası, idman sahələri, basketbol meydançası, masaüstü oyun guşələri və söhbətgahlar mövcuddur. Ərazidə gəzinti yolları salınıb, 3,1 hektarlıq yaşıllıq sahəsində zeytun, çinar və Eldar şamı ağacları əkilib. Torpaq işləri zamanı aşkar edilən təbii qayalar park ərazisinə daşınaraq landşaft dizaynında istifadə olunub. İşğal dövründə dağıdılmış dörd bina isə tarixi yaddaşın qorunması məqsədilə saxlanılıb.

Kəndə qayıdan sakinlərdən biri, məcburi köçkünlük dövründə bir neçə məktəb dəyişməyə məcbur qalan İmamverdi Rüstəmov bildirib ki, bütün çətinliklərə baxmayaraq təhsilini davam etdirib və hazırda doğma kəndində pedaqoq kimi fəaliyyət göstərir. Onun həyat yoldaşı Aysun Məmmədova da məcburi köçkün ailəsində böyüyüb və bu gün Horovlu kəndinə müəllim kimi qayıdıb. Ailə həm öz övladlarının, həm də kənddə böyüyən uşaqların təlim-tərbiyəsi ilə məşğul olur.

Kəndə qayıdan sakinlərdən biri də Ceyhun Əlizadədir. O, Horovlunu tərk edəndə dörd yaşında olduğunu, bu gün isə öz övladları ilə birlikdə doğma yurda qayıdaraq gələcəyini burada qurmaq niyyətində olduğunu bildirib.

Qeyd olunur ki, dövlət proqramı çərçivəsində Horovlu kəndində bütün zəruri infrastruktur layihələri tam icra edilib. İstifadəyə verilmiş inzibati binada müasir Situasiya Mərkəzi yaradılıb.

Kəndin Baş planı CİS (Coğrafi İnformasiya Sistemi - bütün növ məlumatların yaradılması, idarə edilməsi, təhlili və xəritələşdirilməsi üçün istifadə olunan texnologiya) platformasına inteqrasiya olunub. Bu platformada torpaq sahələri, tikililər, yollar, su, enerji, qaz və rabitə xətləri dəqiq koordinatlarla əks etdirilib ki, bu da yaşayış məntəqəsinin səmərəli idarə olunmasına imkan yaradır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью