Axsham.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Baş rolunu Tom Hollandın canlandırdığı “Hörümçək adam: Yeni gün” filmi dünya üzrə 2 milyard dollardan çox gəlir əldə edib.
Axşam.az xəbər verir ki, bu barədə “Variety” nəşri məlumat yayıb.
Ekran əsəri bu nəticəyə cəmi üç həftəyə nail olub. Filmin Şimali Amerikadakı gəliri 785 milyon, beynəlxalq bazarlardakı gəliri isə 1,23 milyard dollar təşkil edib. Beləliklə, ümumi kassa gəliri 2,022 milyard dollara çatıb.
Bununla da yeni “Hörümçək-adam” filmi dünya üzrə 2 milyard dollardan çox gəlir əldə edən ekran əsərləri sırasına daxil olub. Bu siyahıda “Avatar”, “Qisasçılar: Final”, “Avatar: Suyun yolu”, “Titanik”, “Ulduz müharibələri: Gücün oyanışı” və “Qisasçılar: Sonsuzluq savaşı” kimi filmlər yer alır.
“Hörümçək-adam: Yeni gün” tarixdə bu həddi ən qısa müddətdə keçən ikinci film olub. Rekord isə 2 milyard dollara 11 günə çatan “Qisasçılar: Final”a məxsusdur. Piter Parker haqqında əvvəlki film – “Hörümçək adam: Evə yol yoxdur” isə dünya üzrə 1,9 milyard dollar gəlir əldə etmişdi.
Hazırda “Hörümçək adam: Yeni gün” kino tarixinin ən çox gəlir gətirən filmləri arasında səkkizinci yerdə qərarlaşıb.