Icma.az bildirir, Konkret.az portalına istinadən.
Şlezviq-Holşteyn Torpaq Kitabxanası məşhur tarixi şəxsiyyətlərə məxsus nadir əlyazmaları ictimaiyyətə təqdim etməyə hazırlaşır. Kildə yerləşən kitabxananın məlumatına görə, Höte, Bismark, Napoleon və Uinston Çörçill kimi tarixi simaların sənədləri rəqəmsallaşdırılaraq tədqiqatçıların istifadəsinə veriləcək.
Kitabxanaya bu qiymətli kolleksiya 2025-ci ilin noyabrında vəfat etmiş lyubekli sahibkar Teo Dreqerin mirası olaraq hədiyyə edilib. Həvəskar kolleksiyaçı olan Dreqer Höte və Şillerin 400-dən çox orijinal əlyazmasını, eləcə də Bismark, Napoleon, Çörçill, İsveç kralı II Qustav Adolf, imperator V Karl və ilahiyyatçı Filip Melanxtona aid sənədləri toplamışdı.
Kolleksiyada Prussiya kralı II Fridrixin fransız filosofu Volterə ünvanladığı şeir də yer alır.
Kitabxana rəhbərliyi nadir sənədlərin rəqəmsallaşdırılaraq geniş ictimaiyyət və elmi tədqiqatçılar üçün əlçatan ediləcəyini bildirib. Mütəxəssislərin ilkin qiymətləndirməsinə görə, kolleksiyadakı bəzi materiallar dünyanın müxtəlif ölkələrindən olan tarixçilər və araşdırmaçılar üçün xüsusi elmi əhəmiyyət daşıya bilər.
Miras olaraq təhvil verilən sənədlərin vahid kolleksiya şəklində qorunması və əvvəlki sahibinin xatirəsinə onun adı ilə adlandırılması nəzərdə tutulur.
Rəsmiyyə Şərifova,
KONKRET.az