Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakının Suraxanı rayonu, Hövsan qəsəbəsinin "Quşçuluq" yaşayış massivində oğurluq hadisəsi baş verib.
"Bakupost" xəbər verir ki, son bir ay ərzində ərazidə artıq ikinci ev qarət olunub.
Bu barədə ev sahibi Tamilla Abdullayeva məlumat yayıb. Sakin bildirib ki, noyabrın 20-də saat 22 radələrində evə qayıdarkən mənzilin qarət edildiyini görüb. Naməlum şəxs və ya şəxslər pəncərənin dəmir barmaqlığını balta ilə sındıraraq evə daxil olublar. Mənzildən təxminən 200 manat oğurlanıb.
Ev sahibi qeyd edib ki, bundan əvvəl də eyni məhəllədəki başqa bir evə oğurluq məqsədilə daxil olunub və qızıl-zinət əşyaları aparılıb.
O, sözügedən ərazidə oğurluq hallarının artmasından narahatlığını ifadə edərək polis əməkdaşlarına müraciət edib və təhlükəsizlik tədbirlərinin gücləndirilməsini istəyib.
Lalə Novruz, BakuPost