futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Hövsan Yarış Kompleksində media nümayəndələri üçün tanışlıq məqsədli media turu təşkil olunub. Tədbirdə 30-dan çox kütləvi informasiya vasitəsinin (KİV) nümayəndəsi iştirak edib.
Futbolpress.az xəbər verir ki, SOCAR-ın “Neftqaztikinti” trestinin rəhbəri Qağaməli Seyfullayev tikinti prosesi barədə açıqlama verib:
“Bakıda təşkil olunacaq U-15 Dünya Çempionatının keçirilməsi üçün nəzərdə tutulan kompleksdə tikinti işləri artıq yekunlaşmaq üzrədir. Obyektin tikintisində baş podratçı təşkilat qismində SOCAR-ın “Neftqaztikinti” Tresti çıxış edir. Layihə üzrə görülan işlərə SOCAR-ın “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən hazırlanmış layihə əsasında başlanılıb. Tikinti prosesində SOCAR-ın Nəqliyyat İdarəsinin texnika və mexanizmlərindən də geniş istifadə olunub. Bundan əlavə, xüsusi və spesifik işlərin yerinə yetirilməsi üçün tender yolu ilə müəyyənləşdirilmiş subpodratçı təşkilatlar prosesə cəlb edilib”.
Trest rəhbəri vurğulayıb ki, ərazi ümumilikdə iki hissədən ibarətdir. Əsas, daimi ərazi 12 hektardır. 480 metr uzunluğunda, 250 metr enində olan bu ərazidə ümumilikdə 10 ədəd stadion layihələndirilib:
“Hazırda isə son tamamlama işləri həyata keçirilir. Bura ehtiyat oyunçular üçün oturacaqların quraşdırılması, ara setkaların asılması, küləkdən qorunmaq üçün tentlərin çəkilməsi, həmçinin proyektor dayaqlarının quraşdırılması daxildir”.
Qağaməli Seyfullayev köməkçi sahənin göstəriciləri və funksionallığı barədə də ətraflı məlumat verib:
“Ərazinin digər hissəsi isə 6,6 hektarlıq köməkçi ərazidir. 440 metr uzunluğunda və 150 metr enində olan bu sahədə müxtəlif ölçülü 23 çadır quraşdırılıb. Çadırlar media qrupları, ərazidə xidmət göstərən personal və digər işçi heyətin ehtiyaclarının qarşılanması üçün nəzərdə tutulub. Burada qidalanma, sanitar qovşaqlar, yuyunma və soyunub-geyinmə məntəqələri yerləşdirilib”.
Ayxan Zayıdzadə