Hulusi Kılıç: Şuşadan dünyaya birlik mesajı verildi

08.11.2026

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşada nümayiş etdirdikləri birliyi Türkiyə-Azərbaycan qardaşlığının mühüm göstəricisi kimi qiymətləndirib.

Gununesi.info Türkiyə mediasına istinadən xəbər verir ki, iki ölkə liderinin 8 Noyabr – Zəfər Günü münasibətilə Şuşada bir araya gəlməsi “Bir millət, iki dövlət” prinsipinin əhəmiyyətini bir daha nümayiş etdirib.

“Bu tarixi görüş ‘Bir millət, iki dövlət’ anlayışının sadəcə bir ifadə deyil, sarsılmaz könül və tale birliyi olduğunu ortaya qoyur”, – deyə materialda vurğulanıb.

Qeyd olunub ki, liderlər birgə mətbuat konfransında Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlığın, qarşılıqlı etimadın və həmrəyliyin vacibliyini diqqətə çatdırıblar.

“İlham Əliyev 44 günlük Vətən müharibəsi zamanı Türkiyənin Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyin heç vaxt unudulmayacağını bildirib. Rəcəb Tayyib Ərdoğan isə Qarabağ Zəfərinin yalnız Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq qüruru olduğunu vurğulayıb. İki Prezidentin əl-ələ tutaraq əllərini yuxarı qaldırması Şuşadan dünyaya verilən birlik mesajının ən mənalı görüntüsü oldu”, – deyə yazıda qeyd edilib.

Materialda Hulusi Kılıçın Azərbaycanda səfir işlədiyi dövrdə iki ölkə arasında siyasi, diplomatik, mədəni və ictimai əlaqələrin inkişafına verdiyi töhfələr də xatırladılıb.

Bildirilib ki, Türkiyə və Azərbaycanın əməkdaşlığı yalnız ikitərəfli münasibətlər baxımından deyil, Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyanın gücləndirilməsi üçün də mühüm əhəmiyyət daşıyır.

“Şuşada iki Prezidentin ortaya qoyduğu ortaq iradə yalnız Türkiyə-Azərbaycan münasibətləri baxımından deyil, Türk Dövlətləri Təşkilatı və geniş Türk coğrafiyasında əməkdaşlıq baxımından da tarixi əhəmiyyət daşıyır”, – deyə materialda vurğulanıb.

Yazıda, həmçinin Cənubi Qafqazda davamlı sülhün təmin olunması, regional sabitliyin möhkəmləndirilməsi, nəqliyyat, enerji, ticarət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərinə toxunulub.

“Şuşadan yüksələn birlik mesajı Türkiyə-Azərbaycan qardaşlığının gələcəyə inamla daşınacağının güclü ifadəsi kimi tarixə keçdi”, – deyə materialda bildirilib.

Gununesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью