Huma Quşu: xeyriyyə səsindən təhsil işığına

16.11.2026

Icma.az bildirir, 525.az portalına istinadən.

Noyabrın 14-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Huma Quşu” Təhsilə Yardım Fondu (Fond) tərəfindən “Səsimiz Səsindir, Humay” adlı artıq ənənə halını almış xeyriyyə gecəsi keçirilib.

525.az xəbər verir ki, tədbirdə dövlət və ictimai qurumların rəhbərləri, elm və mədəniyyət xadimləri, qazilər, magistr və tələbələr, Fondun dostları, təsübkeşləri və media təmsilçiləri iştirak edib, Azərbaycanın tanınmış rəssamlarının eləcə də inkişaf xüsusiyyətləri olan uşaqların rəsm əsərlərinin sərgi-satışı baş tutub.

Fondun Prezidenti Şəhla Vəzirova çıxışında “Huma Quşu” Təhsilə Yardım Fondunun fəaliyyətini təqdim edib. Şəhla Vəzirova qeyd edib ki, Fond Humay Quliyevanın xatirəsini yaşatmaq və Humay üçün vacib olan xeyriyyəçilik, insansevərlik, vətənpərvərlik, cəsarət və başqa dəyərləri aşılamaq məqsədi ilə yaradılıb. O, Fondun dəyərləri və fəaliyyət prinsipləri, qazi və tələbənin təhsilinə dəstək məqsədilə “Humayın Qarabağ qrantı” da daxil olmaqla təsis etdiyi 11 proqram, ianələrin vacibliyi həmçinin Fond tərəfindən dəstək qazanmış tələbələrin uğurları barədə məlumat verib.

Xeyriyyə gecəsində bilet və rəsmlərin satışı, eləcə də edilmiş ianələrdən toplanılmış vəsait aztəminatlı ailələrdən olan istedadlı gənclərin ali təhsilinin dəstəklənməsinə yönləndiriləcək.

“Huma Quşu” Təhsilə Yardım Fondu Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına, İ-ticket.az şirkətinə, yüksək peşəkarlıq və tədbirə təmənnasız dəstəyinə görə Azərbaycan və Dağıstan Respublikalarının Xalq artisti, professor Azər Zeynalova, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Filarmoniyasının Simfonik Orkestri və onun rəhbəri Mustafa Mehmandarova, Azər Zeynalovun yetirmələri olan və ustadlarından qəbul etdikləri xeyriyyəçilik ənənəsini davam etdirən ifaçılar Taleh Yahyayev, Xalid Hacıyev, Nihad Orucov, Zabitə Alıyeva, Aysel İbrahimova, Fərid Zeynalov və İsmayıl Zeynalova, rəssamlara, tədbirin məharətli aparıcısı Şəfaqət Məmmədovaya, eləcə də bütün tədbir iştirakçılarına xeyriyyə gecəsinə verdikləri əvəzsiz dəstəyə görə dərindən təşəkkür edir.

“Huma Quşu” Təhsilə Yardım Fondu və tədbir barədə ətraflı məlumat təşkilatın vebsəhifəsindən https://humagushu.az/ əldə oluna bilər.  

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью