Human Rights Watch Gürcüstanı hədəfə aldı FOTO

04.02.2026

Ses qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Qondarma beynəlxalq insan haqları təşkilatı olan Human Rights Watch bu dəfə Gürcüstanı hədəfə alıb. Rəsmi Tbilisyə həsr olunan hesabatda qeyd olunur ki, 2025-ci ildə Gürcüstanda insan haqları ilə bağlı vəziyyət hakim Gürcü Arzusu partiyası ölkənin vətəndaş cəmiyyətini məhv etməyə və tənqidi medianı boğmağa yönəlmiş genişmiqyaslı qanunlar qəbul etdikdən sonra kəskin şəkildə pisləşib.Təşkilatın məlumatına görə, Gürcüstan hakimiyyəti dinc etirazlara qarşı güc tətbiq edib: “Bu tədbirlər Gürcüstanın ifadə, toplaşma və birləşmək azadlığı da daxil olmaqla insan haqları öhdəliklərini, eləcə də bərabərlik prinsipini və ayrı-seçkiliyin qadağan edilməsini pozur. Mart ayında qəbul edilmiş "xarici agentlər" haqqında yeni qanunvericilik xarici maliyyələşdirmə alan təşkilatların və şəxslərin dövlət reyestrində qeydiyyatdan keçməsini tələb edir və cinayət məsuliyyəti təhdidi altında ciddi maliyyə öhdəlikləri qoyur. Digər repressiv dəyişikliklər bütün xarici qrantlar üçün hökumətin razılığını tələb edir və dinc etirazları, müstəqil medianı və söz azadlığını daha da məhdudlaşdırır. Hakimiyyət həmçinin bütün qanunlardan "gender" və "gender bərabərliyi" terminlərinin çıxarılmasını təsdiqləyib və Gender Bərabərliyi üzrə Parlament Şurasını ləğv edib”.

Human Rights Watch təşkilatı yazır ki, Avropa Birliyi və onun üzv dövlətləri bu geri çəkilməni "fundamental hüquqların pozulması" kimi pisləyib və Gürcüstanın Aİ-yə üzvlük prosesinin "faktiki olaraq dayandırıldığını" qeyd edib.

Hesabatda həmçinin 2025-ci ilin oktyabr ayında keçirilən bələdiyyə seçkilərindən də bəhs olunur. Təşkilat yazır ki, onlar geniş yayılmış müxalifət basqıları və qismən müxalifət boykotunun fonunda baş tutub.

"Oktyabr ayında keçirilən bələdiyyə seçkiləri geniş yayılmış müxalifət basqıları və qismən müxalifət boykotunun fonunda baş tutub. Seçki günü on minlərlə insan hökumətin repressiv siyasətinə etiraz etmək üçün toplaşıb. Bəzi etirazçılar prezident sarayına basqın etməyə cəhd etdikdə nümayiş zorakılığa çevrilib. Sənəddə deyilir ki, "Polis zorakı çevrilişə təhrik etmək və konstitusiya quruluşunu devirməyə cəhd etmək ittihamı ilə 60-dan çox insanı saxlayıb".

Hesabatda müxalifət siyasətçilərinin həbsləri də qeyd olunur. Təşkilat qeyd edir ki, məhkəmə keçmiş prezident Mixail Saakaşvili hökuməti tərəfindən törədilmiş iddia edilən cinayətləri araşdırmaq üçün yaradılan hakim partiyanın parlament istintaq komissiyasını boykot etdiklərinə görə səkkiz müxalifət siyasətçisini, o cümlədən altı müxalifət partiyasının liderlərini bir neçə ay həbs cəzasına məhkum edib.

İlham

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью