Humanoid robotlar cərrahiyyədə yeni dövrün başlanğıcını qoyur

27.07.2026

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Dünya tibb elmində yeni mərhələnin əsasını qoya biləcək mühüm elmi yeniliklərdən biri son günlər beynəlxalq elmi ictimaiyyətin diqqət mərkəzindədir. ABŞ alimlərinin iştirakı ilə həyata keçirilən tədqiqat çərçivəsində humanoid (insanabənzər) robotlar ilk dəfə canlı orqanizm üzərində laparoskopik cərrahi əməliyyatları uğurla yerinə yetiriblər. Tədqiqatın nəticələri nüfuzlu “Nature” elmi jurnalında dərc olunaraq tibb sahəsində böyük maraq doğurub.

Məlumata görə, robotlar məsafədən idarə olunmaqla öd kisəsinin çıxarılması kimi yüksək dəqiqlik tələb edən əməliyyatları icra ediblər. Mütəxəssislər bildirirlər ki, yeni sistem ənənəvi cərrahi robotlardan daha kompakt və nisbətən əlçatan olmaqla yanaşı, gələcəkdə ucqar bölgələrdə və fövqəladə hallarda tibbi xidmətin keyfiyyətini əhəmiyyətli dərəcədə artıra bilər.

Araşdırma müəlliflərinin fikrincə, texnologiya hələ klinik tətbiq mərhələsinə çatmasa da, əldə olunan nəticələr robot cərrahiyyəsinin inkişafında mühüm dönüş nöqtəsi hesab edilir. Hazırda alimlər sistemin təhlükəsizliyinin artırılması, əməliyyat zamanı yaranan texniki gecikmələrin aradan qaldırılması və insan üzərində klinik sınaqlara hazırlıq istiqamətində işləri davam etdirirlər.

Tibb ekspertləri hesab edirlər ki, süni intellekt və robot texnologiyalarının sürətli inkişafı yaxın illərdə cərrahi əməliyyatların daha dəqiq, təhlükəsiz və əlçatan həyata keçirilməsinə imkan yaradacaq. Bu yenilik, eyni zamanda, qlobal səhiyyə sistemində rəqəmsal transformasiyanın sürətləndiyini bir daha nümayiş etdirir.

Mütəxəssislərin qənaətinə görə, tibbdə robot texnologiyalarının geniş tətbiqi həkimlərin rolunu əvəz etmək deyil, onların imkanlarını genişləndirmək və mürəkkəb əməliyyatların uğur faizini artırmaq məqsədi daşıyır. Bu baxımdan son elmi nailiyyət gələcəyin səhiyyə modelinin formalaşmasına mühüm töhfə verə biləcək perspektivli addım kimi qiymətləndirilir.

N.Adilqızı
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью