Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.
Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) yaydığı illik hesabatında bildirilib ki, 2025-ci ilin sonunda dünyada həbsdə olan jurnalistlərin sayı 330-a çatıb və bu göstərici beşinci ildir ki, 300 həddini aşır.
Hesabatda Azərbaycan 24 jurnalistin həbsdə saxlanıldığı ölkələr sırasında yer alır və ölkə 2018-ci ildən sonra ilk dəfə jurnalistləri ən çox həbs edən ölkələrin ilk onluğuna daxil olub.
Mövzu ilə bağlı Gununsesi.info-ya danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu bildirib ki, o, Azərbaycanda bütün jurnalistlərin və bloqerlərin həbsdən azad olunması istəyir:
“Çox acınacaqlı vəziyyətdir! Bunun səbəbi yalnız bizim kiçik ölkəmizdə baş verməsi deyil — bütün dünyada jurnalistlər həbs edilir, hətta işgəncəyə məruz qalırlar. Ürəyim ağrıyır. Cavan xanım jurnalistlər, ailə başçısı olanlar, evdə tək işləyən və uşaqları olan insanlar həbsdədir.
Söz azadlığı olmalıdır, amma jurnalist özü də azad olmalı və yazdıqlarına, etdiklərinə görə məsuliyyət daşımalıdır. Eyni zamanda, onları kim idarə edib, kim göndərib, xaricdən pul alıb vergi verməmək kimi məsələlər də aydınlaşdırılmalıdır”.
O qeyd edib ki, monitorinq qrupları hər görüşdə bu məsələni qaldırır:
“Bu həftə Baş prokuror və Ali Məhkəmənin sədri ilə görüşməyi planlaşdırırıq. Ombudsman Aparatı ilə də görüşüb bu məsələləri yenidən gündəmə gətirəcək və həmin insanların həbsdən azad olunmasını xahiş edəcəyik”.
Şəbnəm Rəhimova