Ses qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
12 Noyabr – Azərbaycan Respublikasının Konstitusiyası Günüdür. Bu tarix müstəqil dövlətimizin hüquqi əsaslarının formalaşması, milli suverenliyimizin möhkəmləndirilməsi və demokratik inkişaf yolunun müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının qəbul edilməsi ölkəmizin müstəqillik tarixində yeni mərhələnin başlanğıcı olmaqla yanaşı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı misilsiz xidmətlərinin parlaq təzahürüdür. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan qarşısında dayanan ən mühüm vəzifələrdən biri yeni dövrün tələblərinə cavab verən, suveren dövlətin hüquqi və siyasi əsaslarını müəyyənləşdirən Konstitusiyanın hazırlanması idi. Həmin dövrdə ölkədə mövcud olan mürəkkəb ictimai-siyasi vəziyyət, Ermənistanın hərbi təcavüzü, iqtisadi böhran və idarəetmədəki çətinliklər dövlət quruculuğu prosesini ciddi sınaqlarla üz-üzə qoymuşdu. Belə bir şəraitdə müstəqil Azərbaycanın gələcək inkişafını təmin edəcək hüquqi sənədin hazırlanması strateji zərurətə çevrilmişdi. 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev ölkədə sabitliyin bərpası, dövlət institutlarının möhkəmləndirilməsi və müstəqilliyin qorunması istiqamətində qətiyyətli addımlar atdı. Ümummilli Lider yaxşı anlayırdı ki, güclü dövlətin mövcudluğu yalnız siyasi iradə və iqtisadi imkanlarla deyil, eyni zamanda, möhkəm hüquqi baza ilə təmin olunur. Məhz bu uzaqgörən yanaşma yeni Konstitusiyanın hazırlanmasını dövlət quruculuğu siyasətinin əsas istiqamətlərindən birinə çevirdi.Ulu Öndərin rəhbərliyi ilə Konstitusiya layihəsinin hazırlanması üçün xüsusi komissiya yaradıldı. Heydər Əliyevin şəxsən rəhbərlik etdiyi bu komissiyanın fəaliyyəti nəticəsində Azərbaycanın tarixi ənənələri, milli-mənəvi dəyərləri, beynəlxalq hüququn prinsipləri və müasir demokratik dövlətçilik təcrübəsi nəzərə alınmaqla fundamental hüquqi sənəd hazırlandı. Layihənin geniş ictimai müzakirəyə çıxarılması da dövlətin gələcəyini müəyyən edən bu mühüm prosesdə xalqın iştirakına verilən yüksək önəmin göstəricisi idi.1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi – referendum yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edildi. Bu hadisə ölkəmizin hüquqi dövlət quruculuğu tarixində əlamətdar dönüş nöqtəsi oldu. Yeni Konstitusiya Azərbaycanın müstəqil, demokratik, hüquqi, dünyəvi və unitar dövlət olduğunu təsbit etməklə dövlət quruluşunun əsas prinsiplərini müəyyənləşdirdi.
Bu gün Azərbaycan Respublikasının Konstitusiyası dövlət müstəqilliyimizin, milli suverenliyimizin və hüquqi dövlətçilik ənənələrimizin əsas təminatlarından biridir. Xüsusilə 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası Konstitusiyanın aliliyinin bütün ölkə ərazisində təmin edilməsi baxımından yeni tarixi reallıqlar yaratdı. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsinə, hüquqi institutların inkişafına, ölkənin iqtisadi və siyasi qüdrətinin artırılmasına istiqamətlənmişdir. Dövlət başçısının müəyyən etdiyi strateji hədəflər, milli maraqlara əsaslanan inkişaf modeli və suverenliyin qorunmasına yönəlmiş qətiyyətli siyasət Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik xəttinin müasir dövrdə uğurla davam etdirildiyini göstərir.
Elməddin Abbasov
YAP Ağdam rayon təşkilatının əməkdaşı