Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Hüquqi dövlətin gücü yalnız qanunların mövcudluğu ilə deyil, həmin qanunlara hörmət edən, hüquqlarını bilən və başqalarının azadlıqlarını tanıyan vətəndaşların yetişməsi ilə ölçülür.
Dövlətin gələcəyi onun iqtisadi, siyasi imkanları ilə yanaşı, cəmiyyətdə hüquqa, insan ləyaqətinə və milli-mənəvi dəyərlərə münasibətdən də asılıdır. Bu baxımdan Azərbaycan Respublikasının Konstitusiyası dövlət idarəçiliyinin əsaslarını təşkil edən hüquqi sənəd, həm də cəmiyyətin inkişaf istiqamətini müəyyənləşdirən fundamental dəyərlər sistemidir.
1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən Konstitusiyamız insan hüquq və azadlıqlarını, bərabərliyi, vicdan azadlığını, təhsil hüququnu və dövlətin sosial məsuliyyətini təsbit və təşviq edir. Lakin bu prinsiplərin əsl mahiyyəti yalnız qanun mətnlərində deyil, ailədə, məktəbdə, ictimai münasibətlərdə və hər bir insanın davranışında üzə çıxır. Hüquqi dövlətin möhkəmlənməsi də məhz hüquqi normalarla gündəlik həyat arasında əlaqənin güclənməsindən keçir.
Müasir rəqəmsal və sənaye sivilizasiyasında cəmiyyətin və dövlətin qarşılıqlı münasibətlərini tənzimləyən, hüquq və azadlıqları müəyyənləşdirən, hakimiyyətin səlahiyyət və məsuliyyət çərçivəsini təsbit edən fundamental sənəd Konstitusiyadır. IV Sənaye İnqilabının yaratdığı yeni reallıqlar fonunda dövlətin və xalqın dayanıqlı inkişafı, qlobal dəyişikliklərə uyğunlaşması və gələcəyə inamla addımlaması Konstitusiya və onun müəyyən etdiyi hüquqi prinsiplərdən asılıdır. Konstitusiyanın mövcudluğu insan hüquq və azadlıqlarının real təminatında, qanunun aliliyində, qanun qarşısında bərabərlikdə, ədalətin bərqərar olmasında və dövlət institutlarının öz məsuliyyətini layiqincə yerinə yetirməsində təcəssüm edir.
Konstitusiya gündəlik həyatımızın kodeksidir
Konstitusiyanın əsas prinsiplərindən biri insan hüquq və azadlıqlarının tanınması və qorunmasıdır. 25-ci maddədə qanun və məhkəmə qarşısında bərabərlik təsbit olunur. Bu prinsip insanlara dil, siyasi və milli mənsubiyyətindən asılı olmayaraq bərabər hüquqi münasibət göstərilməsinin əsasını yaradır.
Konstitusiyanın 16-cı maddəsi dövlətin sosial məsuliyyətini, əhalinin rifahının yüksəldilməsi və sosial müdafiə məsələlərini ön plana çəkir. 42-ci maddə isə hər kəsin təhsil hüququnu təsbit edir. Bu müddəalar göstərir ki, dövlətçilik yalnız idarəetmə mexanizmlərindən ibarət deyil. Onun əsas məqsədlərindən biri insanın inkişafı, hüquqlarının qorunması və layiqli həyat üçün imkanların yaradılmasıdır. Ancaq hüquqların mövcudluğu ilə onların gündəlik həyatda reallaşması eyni məsələ deyil. İnsan öz hüququnu bilmirsə, onu müdafiə etmək imkanlarından xəbərsiz ola bilər. Başqasının hüququna hörmətin əhəmiyyətini anlamırsa, bilmədən və ya bilərəkdən ayrı-seçkiliyə yol verə bilər. Buna görə də hüquqi maarifləndirmə yalnız mütəxəssislərə və hüquqşünaslara aid deyil, bütün cəmiyyət üçün zəruridir.
Ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası Gənclərinin Birinci Forumundakı çıxışında gənclərə və cəmiyyətə Konstitusiyaya necə yanaşmanın əsaslarını çatdırmışdır:
“Güman edirəm ki, bu da bizim qarşımızda duran vəzifədir, gənclər təşkilatlarının qarşısında duran vəzifədir və bu vəzifəni yerinə yetirmək lazımdır. Konstitusiyanı öyrənmək lazımdır, Konstitusiyanı dərk etmək lazımdır. Konstitusiyanın maddələrini, xüsusən vətəndaşların vəzifələrinə aid olan, vətəndaşların hüquqlarına aid olan maddələrini vətəndaş bilməlidir, bizim gənc vətəndaş bilməlidir və ona riayət etməlidir. Güman edirəm ki, bu vəzifələri siz özünüzün ümdə vəzifələriniz kimi qəbul etməlisiniz. Bir sözlə, əsas vəzifəmiz Azərbaycanın müstəqilliyini qoruyub saxlamaqdır”.
Dünyəvilik, sivil dəyərlər azərbaycançılığın hədəfidir
Konstitusiyanın 18-ci maddəsi dinin dövlətdən ayrı olduğunu və təhsil sisteminin dünyəvi xarakterini, 48-ci maddə isə vicdan azadlığını təmin edir. Bu müddəalar hər bir insanın dini etiqadını sərbəst müəyyənləşdirməsi, inanclarına uyğun yaşaması və ya heç bir dinə etiqad etməməsi ilə bağlı hüquqi təminat yaradır.
Dünyəvilik dinə qarşı olmaq demək deyil, dövlətin dini qurumlardan ayrı fəaliyyət göstərməsini, insanların dini baxışlarından asılı olmayaraq hüquq bərabərliyinin qorunmasını nəzərdə tutur. Dövlətin dünyəvi xarakteri müxtəlif inanclara sahib insanların eyni hüquqi çərçivədə sərbəst yaşaması üçün əsas yaradır.
Tolerantlıq isə bu hüquqi prinsiplərin cəmiyyətin gündəlik həyatında təzahürüdür. Fərqli dini mənsubiyyətə, mədəniyyətə və dünyagörüşünə malik insanlarla qarşılıqlı hörmət əsasında münasibət qurmaq, ayrı-seçkiliyə yol verməmək və fikir ayrılıqlarını dialoqla həll etmək tolerantlığın əsas göstəriciləridir.
Dilimizə, tariximizə, mədəniyyətimizə, ailə ənənələrimizə hörmət başqa xalqların və dini icmaların dəyərlərinə hörmətsizlik anlamına gəlməməlidir. Əksinə, kimliyini dərk edən, milli irsinə bağlı olan insan başqalarının hüquq və azadlıqlarına da hörmətlə yanaşır.
Prezident İlham Əliyev 31 oktyabr 2013-cü il tarixində III Bakı Beynəlxalq Humanitar Forumunun açılış mərasimindəki nitqində multikulturalizmin Azərbaycanda dövlət siyasəti və həyat tərzi olduğunu vurğulayaraq bildirmişdir:
“Multikulturalizm Azərbaycanda dövlət siyasətidir. Qeyd etməliyəm ki, artıq tarixi keçmişimiz də bunu diktə edir. Eyni zamanda, multikulturalizm Azərbaycanda həyat tərzidir. Biz gündəlik həyatımızda bu prinsiplər əsasında fəaliyyət göstəririk. Bu prinsiplər cəmiyyətin mütləq əksəriyyəti tərəfindən dəstəklənir, müdafiə edilir”.
Uşaq hüquqları gələcəyin təminatıdır
Uşaqlara münasibət cəmiyyətin inkişaf səviyyəsini müəyyən edən mühüm meyarlardandır. Onların təhlükəsizliyi, sağlamlığı, təhsili və şəxsiyyət kimi inkişafı cəmiyyətin ümumi məsuliyyətidir. Konstitusiyanın 17-ci maddəsi ailənin dövlətin xüsusi himayəsində olduğunu, uşaqların qayğısına qalmaq və onları tərbiyə etməyin valideynlərin borcu sayıldığını müəyyən edir. Həmin maddədə valideyn qayğısından məhrum uşaqların dövlət himayəsində olması və hüquqlarının qorunması nəzərdə tutulur.
Uşağı qorumaq yalnız onu təhlükələrdən uzaq saxlamaq demək deyil, onun təhsil almasına, qabiliyyətlərini inkişaf etdirməsinə, fikrini ifadə etməsinə və ləyaqətinə hörmətlə yanaşılmasına şərait yaratmaq da vacibdir. Uşağın fikrini dinləmək onun bütün istəklərini qeyd-şərtsiz qəbul etmək deyil, yaşını, inkişaf səviyyəsini və mənafeyini nəzərə alaraq ona hörmət göstərməkdir. Ailə bu prosesin ilk və ən mühüm mərhələsidir. Uşaq ədaləti, mərhəməti, məsuliyyəti və başqalarına hörməti, ilk növbədə, ailədə öyrənir. Məktəb isə həmin dəyərləri bilik, ünsiyyət və sosial təcrübə ilə möhkəmləndirir. Dövlət uşaqların hüquqlarının müdafiəsi üçün hüquqi təminatlar yaradır, müvafiq qurumlar isə bu təminatların həyata keçirilməsində iştirak edirlər.
İlham Əliyevin 5 dekabr 2024-cü ildə Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunun iştirakçılarına ünvanladığı müraciət də uşaqların təhlükəsiz gələcəyi, təhsili, bacarıqlarının inkişafı və istedadlarının üzə çıxarılması məsələlərinin əhəmiyyətini gündəmə gətirmişdir.
Uşaqlar arasında dini, milli, sosial və digər fərqlərə görə ayrı-seçkiliyin qarşısının alınması da mühüm vəzifədir. Məktəbdə hər bir şagird özünü təhlükəsiz mühitdə hiss etməlidir. Təhqir, zorakılıq və ayrı-seçkilik qarşısında susmamaq, münaqişələri dialoq yolu ilə həll etmək uşaqlara həm hüquqlarını, həm də başqalarının hüquqlarını tanımağı öyrədir.
Hüquqi maarifləndirmə məktəbdən başlamalıdır
Konstitusion savadlılıq hüquqi dövlətin möhkəmlənməsində mühüm şərtdir. Bu anlayış Konstitusiyanın müddəalarını əzbərləməklə məhdudlaşmır, əsas məsələ hüquq və azadlıqları anlamaq, hansı hallarda və necə müdafiə olunacağını bilmək, eyni zamanda, başqalarının hüquqlarına hörmət etməyi bacarmaqdır.
Orta məktəblər bu istiqamətdə xüsusi rol oynayırlar. Şagirdlərə Konstitusiyanın əsas prinsiplərini, bərabərlik və vicdan azadlığını, uşaq hüquqlarını, hüquq və vəzifələr arasındakı əlaqəni yaşlarına uyğun, aydın və praktik nümunələrlə izah etmək vacibdir.
“Ümumi təhsil haqqında” Qanunda insan hüquq və azadlıqlarına hörmət, bərabərlik, humanistlik və tolerantlıq kimi prinsiplərin əks olunması da bu işin əhəmiyyətini göstərir. Məktəbin vəzifəsi yalnız bilikli şagird yetişdirmək deyil, həm də müstəqil düşünən, məsuliyyətini dərk edən, milli və ümumbəşəri dəyərlərə hörmət edən vətəndaşın formalaşmasına töhfə verməkdir. Valideynlər, müəllimlər və uşaqlarla işləyən mütəxəssislər uşaq hüquqları, ayrı-seçkiliyin qarşısının alınması, vicdan azadlığı və bərabərlik prinsipləri haqqında düzgün məlumatlı olduqda uşaqlar üçün daha təhlükəsiz və dəstəkləyici mühit yarada bilərlər.
Məktəblərdə Konstitusiyanın əsas müddəalarının sistemli şəkildə tədrisi hüquqi maarifləndirmənin mühüm istiqamətlərindən biri kimi nəzərdən keçirilməlidir. Hüquqi biliklərin erkən yaşlardan aşılanması uşaqların öz hüquq və vəzifələrini dərk etməsi, başqalarının hüquqlarına hörmətlə yanaşması və məsuliyyətli vətəndaş kimi yetişməsi baxımından əhəmiyyətlidir. Bu məqsədlə, ümumtəhsil müəssisələrində şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla Konstitusiya dərslərinin və ya xüsusi hüquqi maarifləndirmə məşğələlərinin təşkili təklif olunur.
Məktəblərdə Konstitusiya dərslərinin təşviqi hüquqi savadlılığın artırılmasına deyil, uşaq hüquqlarının qorunmasına, tolerantlıq və bərabərlik dəyərlərinin möhkəmləndirilməsinə, eləcə də məsuliyyətli vətəndaş mövqeyinin formalaşmasına töhfə verə bilər.
İlhamə QASIMOVA,
iqtisadiyyat üzrə fəlsəfə doktoru