Hüquqi sərhəd ... “Yeni yanaşma valideyn hüquqlarını ləğv etmir, onları uşağın maraqlarıyla balanslaşdırır”

03.02.2026

Bizimyol portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yeni hazırlanmış “Uşaq hüquqları haqqında” qanun layihəsinə görə, uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağandır. Valideynlər uşaqları qarşılıqlı razılıq əsasında öz dini əqidələrinə uyğun tərbiyə edə bilərlər, lakin bu, uşağın fiziki və psixi sağlamlığına zərər verməməlidir.

Qanunda nəzərdə tutulmuş hallarda - ictimai təhlükəsizlik, sağlamlıq, mənəviyyat və digər şəxslərin hüquqlarının qorunması üçün - uşağın dini etiqad azadlığına məhdudiyyətlər qoyula bilər. Mövcud qanuna görə isə uşağın səhhətinə zərərli təsir edən dini ayinlərdə iştirak etməsi qadağandır.

Bu müddəa valideynlərin və dini icmaların hüquqları ilə uşağın azadlığı arasında necə balans yaradır?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, Konstitusiyanın 17-ci maddəsi uşaqların dövlət tərəfindən xüsusi müdafiəsini nəzərdə tutur: “Bəli, bu yanaşma hüququn balans modelinə əsaslanır və qüvvədə olan milli və beynəlxalq hüquq normalarına tamamilə uyğundur. Azərbaycan Respublikasının Konstitusiyasının 46-cı və 48-ci maddələrinə əsasən hər kəsin vicdan və dini etiqad azadlığı vardır. Lakin həmin maddələr dini etiqadın məcburi şəkildə yayılmasını qadağan edir. Bu qadağa yalnız dövlət‑vətəndaş münasibətlərinə aid deyil; din ailədaxili münasibətlərə də, hüquqi çərçivə boyunca, xüsusilə söhbət uşaqlardan gedirsə, şamil olunur. Eyni zamanda Konstitusiyanın 17-ci maddəsi uşaqların dövlət tərəfindən xüsusi müdafiəsini nəzərdə tutur. Bu o deməkdir ki, valideyn hüquqları mütləq hüquq deyil; onlar uşağın maraqları ilə şərtlənir. Yeni qanun layihəsi məhz bu Konstitusiya tarazlığını qoruyur. Valideynin dini tərbiyə vermək hüququ tanınır, lakin bu hüquq uşağın psixi və fiziki sağlamlığına zərər vurmamalıdır. Burada söhbət dini tədrisin qadağan edilməsindən yox, məcbur edilməsindən gedir. Yəni dini ayinlərin və mərasimlərin keçirilməsi zamanı uşağın məcbur edilməsi məsələsi nəzərdə tutulur. Bu, dini tədrisin ümumiyyətlə qadağan edilməsindən deyil, uşağın müəyyən dini hərəkətləri etməyə, müəyyən geyim və ya əşyələrdən istifadə etməyə məcbur edilməsindən bəhs edir. Məsələn, Aşura mərasimi zamanı uşağın müəyyən formada iştirak etməyə və ya simvolik əşyalardan istifadə etməyə məcbur edilməsi kimi hallar ola bilər”.

Əliməmməd Nuriyev

“Uşaq hüquqları haqqında qanunun 3 və 5-ci maddələri uşağın ləyaqətinin, sağlamlığının və maraqlarının üstünlüyünü təsbit edir. Yeni yanaşma bu prinsipi daha da konkretləşdirir. Hüquqi baxımdan məcbur etmə aşağıdakı halları əhatə edir:

uşağın yaşına və psixoloji inkişafına uyğun olmayan dini təzyiq;qorxu və cəza yolu ilə günah hissi yaradaraq inancın qəbul etdirilməsi;sağlamlığa zərərli olan dini ayinlərdə iştirakın məcburi xarakter alması.

Bu norma valideynin uşağa öz inancını ötürmək hüququ ilə uşağın şəxsi inanc azadlığının pozulması arasında hüquqi sərhədi müəyyən edir.

Konstitusiyanın 48-ci maddəsinin 2-ci hissəsinə və Avropa İnsan Hüquqları Konvensiyasının 9-cu maddəsinə əsasən dini azadlıqlar aşağıdakı halda məhdudlaşdırıla bilər: ictimai təhlükəsizliyin, ictimai sağlamlığın, mənəviyyatın və digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə. Uşaq hüquqları kontekstində bu məhdudiyyətlər daha geniş və legitim hesab edilir, Çünki uşaq yetkin şəxs deyil və dövlət onun maraqlarının qoruyucusu rolunda çıxış edir”-deyə hüquqşünas qeyd edib.

Əliməmməd Nuriyev vurğulayıb ki, əsas yanaşma dini etiqad hüququdur, məcburiyyət hüquq deyil: “Hüquqi baxımdan bu yanaşma dini etiqadın qadağan edilməsini və ya ailədaxili dini tərbiyənin ləğvini nəzərdə tutmur; məqsəd yalnız zərər və sui-istifadənin qarşısını almaqdır. Əsas yanaşma budur: dini etiqad hüququdur, lakin məcburiyyət hüquq deyil. Valideyn uşağın qarşısına "sən bunu mütləq etməlisən" kimi vəzifə qoya bilməz. Dövlət isə ailəyə yalnız nəzarət edən tərəf kimi çıxış etmir, eyni zamanda uşağın son müdafiə mexanizmi kimi hərəkət edir. Beləliklə, yeni yanaşma valideyn hüquqlarını ləğv etmir, onları uşağın maraqlarıyla balanslaşdırır. Bu, nə dinə, nə də dahiliyə qarşıdır. Burada məqsəd uşağın ləyaqəti və təhlükəsizliyini təmin etməkdir, Konstitusiya və beynəlxalq hüquqa uyğun mexanizmdir. İnam sərbəst şəkildə ola bilər, amma zorla qəbul etdirilə bilməz”.

Günel Həsənova, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью