Hüseyn çirkli pulların yuyulmasında özünü təqsirli bilmir

28.01.2026

Axsham.az saytına istinadən Icma.az xəbər verir.

Bloger Hüseyn Həsənov barəsində açılmış çirkli pulların yuyulması ilə bağlı cinayət işinə xitam verilməsini tələb edir.

Axşam.az Rusiyanın "BAZA" teleqram kanalına istinadən xəbər verir ki, ölkənin İstintaq Komitəsi istintaqı başa çatdıraraq işi ittiham aktının təsdiqlənməsi üçün prokurorluğa göndərib.

Bununla yanaşı, Hüseyn və onun vəkili cinayət işinə xitam verilməsini istəyiblər. Onlar bildiriblər ki, bloger öz hərəkətlərinin cinayət xarakteri daşıdığını dərk etməyib və hesab edib ki, qazancları qanuni sahibkarlıq fəaliyyətindən əldə olunub.

Vəkilin sözlərinə görə, Hüseyn sözügedən vəsaitləri xərcləməsi çirkli pulların yuyulması kimi qiymətləndirilə bilməz, çünki bu əməldə cinayət niyyəti olmayıb.

Rusiya mətbuatı isə istintaqın fərqli mövqedə olduğunu yazır. Bildirilir ki, Hüseyn 2019–2021-ci illərdə 175 milyon rubldan çox vergi ödəməkdən yayınmaqda ittiham olunur. Bu məbləğin 68 milyon rublunu müxtəlif sxemlər vasitəsilə leqallaşdırdığı və həmin vəsaitlə Moskvada mənzillər aldığı iddia edilir. Xüsusilə külli miqdarda vəsaitin leqallaşdırılması maddəsi üzrə blogeri 7 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Xatırladaq ki, 2025-ci ildə irəli sürülən ittihamlardan sonraHüseyn Rusiyanı tərk etdiyinə görə qiyabi həbs edilib və beynəlxalq axtarışa verilib.

Bu gün isə Moskvanın Cənub İnzibati Dairəsi Prokurorluğunun rəsmi teleqram kanalında bildirilib ki, bloger barəsində cinayət işi ittiham aktının təsdiqlənməsi üçün prokurorluğa daxil olub və ilkin istintaq tamamlanıb.

Blogerə Rusiya Cinayət Məcəlləsinin 174.1-ci maddəsinin 4-cü hissəsi (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) üzrə qiyabi ittiham irəli sürülüb. Onun barəsində qiyabi həbs qətimkan tədbiri seçilib və axtarış elan olunub.

İstintaqın məlumatına görə, Hüseyn fərdi sahibkar kimi fəaliyyət göstərdiyi dövrdə Rusiyanın büdcəsinə ödənilməli olan 170 milyon rubldan (təxminən 3,7 milyon manat) çox vergi hesablamayıb. Bundan əlavə, qanunsuz əldə edilmiş vəsaitlərə hüquqi don geyindirmək məqsədilə Moskvanın 1-ci Krasnoqvardeyskiy keçidində yerləşən daşınmaz əmlakın alqı-satqısı ilə bağlı 68 milyon rubldan (təxminən 1,5 milyon manat) çox məbləğdə maliyyə əməliyyatları aparıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью