Hüseyn Quliyev: Laçında kanat yolu sərnişin də daşıyacaq

07.11.2026

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

Laçın rayonunda yol infrastrukturu, yeni yaşayış məntəqələrinin salınması, turizm potensialının genişləndirilməsi və əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində layihələr davam etdirilir.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bunu Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev bildirib.

Onun sözlərinə görə, ötən dövr ərzində rayonda çoxsaylı yol infrastrukturu və sosial təyinatlı layihələr həyata keçirilib.

Hazırda Şuşa-Laçın, Qubadlı-Laçın-Zəngilan və Kəlbəcər-Laçın avtomobil yollarının tikintisi davam etdirilir. Bu istiqamətlərdə çoxsaylı tunel və yol keçidləri inşa olunur.

Hüseyn Quliyev qeyd edib ki, gələcək inkişaf planlarına daxil olan çoxsaylı kənd və qəsəbələr var. Hazırda həmin yaşayış məntəqələri ilə bağlı dövlət prosedurları həyata keçirilir, maliyyə və şəhərsalma qiymətləndirmələri aparılır.

Rəsminin sözlərinə görə, Laçının turizm potensialının inkişafı da prioritet istiqamətlərdəndir. Beynəlxalq statuslu Laçın Hava Limanı, yüksək kateqoriyalı Laçın İstirahət Mərkəzi və açılması nəzərdə tutulan mehmanxanalar bu sahədə mühüm layihələrdəndir.

H.Quliyev bildirib ki, Laçın kanat yolu layihəsində son tamamlama işləri aparılır. Layihənin əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, kanat yolu yalnız turistlərə xidmət göstərməyəcək, eyni zamanda sərnişindaşıma vasitəsi kimi də istifadə olunacaq.

Hüseyn Quliyev əlavə edib ki, gələcək planlarda sahibkarlıq fəaliyyətinin inkişafı və doğma yurdlarına qayıdan sakinlərin məşğulluğunun təmin edilməsi xüsusi yer tutur. Bu istiqamətdə aidiyyəti dövlət qurumları ilə əlaqələndirilmiş fəaliyyət həyata keçirilir.

Rəsmi həmçinin Laçının MDB-nin Mədəniyyət Paytaxtı missiyasını uğurla başa vurduğunu diqqətə çatdırıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью