Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.
ABŞ Qırmızı dənizdə dəstək müqabilində Eritreyaya qarşı sanksiyaları uzatmadı
ABŞ Eritreyaya qarşı 2021-ci ildə tətbiq edilmiş bəzi sanksiyaların müddətini uzatmayıb. Bunun nəticəsində ölkənin hakim “Demokratiya və Ədalət üçün Xalq Cəbhəsi” partiyası, silahlı qüvvələri və bir sıra digər qurum və şəxslər ABŞ-nin sanksiya siyahısından çıxarılıb. Sanksiyaların qüvvədəolma müddətinin başa çatması sentyabrın 17-də baş verib.
ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) məlumatlarına görə, 2021-ci ildə sanksiyalara məruz qalanlar arasında Eritreya Müdafiə Qüvvələri, hakim “Demokratiya və Ədalət üçün Xalq Cəbhəsi”, “Red Sea Trading Corporation”, “Hidri Trust”, Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Abraha Kassa Nemariam və hakim partiyanın iqtisadi müşaviri Haqos Qebrehiwet V Kidan da olub.
Sanksiyalar 2021-ci ildə ABŞ Prezidenti Co Baydenin imzaladığı 14046 saylı sərəncam əsasında tətbiq edilmişdi. Vaşinqton bu addımı Eritreya qüvvələrinin Efiopiyanın Tiqray regionundakı münaqişədə iştirak etməsi və bölgədə insan hüquqları ilə bağlı ciddi pozuntular barədə məlumatlarla əsaslandırmışdı.
ABŞ Maliyyə Nazirliyi həmin dövrdə Eritreya qüvvələrini qətllər, talanlar və seksual zorakılıqla bağlı ittihamlarda qeyd edib. Nazirliyin məlumatında Eritreya Müdafiə Qüvvələrinin Tiqraydakı hərbi əməliyyatlarda iştirakı və humanitar yardıma maneələr yaratdığı da bildirilib.
Sanksiyaların qüvvədəolma müddətinin uzadılmaması hazırda Qırmızı dəniz regionunda təhlükəsizlik vəziyyətinin mürəkkəbləşdiyi dövrə təsadüf edir. Yəməndə fəaliyyət göstərən husilərin Bab əl-Məndəb boğazı və Qırmızı dənizdəki gəmiçilik üçün yaratdığı təhlükələr bölgənin strateji əhəmiyyətini artırıb.
Bu baxımdan Eritreyanın Qırmızı dəniz sahilində yerləşməsi və Aseb limanına malik olması ölkəni regiondakı təhlükəsizlik məsələləri baxımından əhəmiyyətli tərəflərdən birinə çevirir. Aseb limanı Bab əl-Məndəb boğazına yaxın yerləşir və tarixən regiondakı hərbi-logistik əməliyyatlarda istifadə olunub.
Bununla belə, ABŞ-nin sanksiyaları uzatmamasının məhz husilərlə mübarizə və Eritreya limanlarına çıxış əldə etmək məqsədi daşıdığını təsdiqləyən rəsmi açıqlama yoxdur. Bu səbəbdən Vaşinqtonun qərarını yalnız geosiyasi və strateji amillərlə əlaqələndirmək hazırda analitik qiymətləndirmə olaraq qalır.
Eritreyaya qarşı sanksiyaların əsas hüquqi bazasının aradan qalxması isə iki ölkə arasında münasibətlərin gələcəkdə dəyişməsi üçün yeni imkanlar yarada bilər. Eritreya hökuməti qərarı münasibətlərin normallaşdırılması istiqamətində müsbət addım kimi qarşılayıb.
Beləliklə, ABŞ-nin qərarı bir tərəfdən 2021-ci ildə Tiqray münaqişəsi ilə əlaqədar tətbiq edilmiş sanksiyaların müddətinin başa çatması, digər tərəfdən isə Qırmızı dəniz və Bab əl-Məndəb regionunda dəyişən təhlükəsizlik şəraiti fonunda baş verib. Bunun Vaşinqton və Əsməra arasında gələcək siyasi və təhlükəsizlik əməkdaşlığına necə təsir edəcəyi isə qarşıdakı dövrdə müəyyənləşəcək.
S.ELAY
XQ