Icma.az bildirir, Baku.ws portalına istinadən.
Yəməndəki husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına 24 saat ərzində ikinci dəfə hücum edib. Son hücum zamanı Pakistan vətəndaşının öldüyü bildirilir. ABŞ Prezidenti Donald Tramp isə husilərə qarşı mümkün hücumlarda iştirak edə biləcəklərini açıqlayıb.
BAKU.WS xəbər verir ki, əvvəlki hücum zamanı 13 nəfər ölüb, 300-dən çox insan yaralanıb. Son hadisədən sonra hava limanına hücumlar nəticəsində ölənlərin ümumi sayının 14-ə yüksəldiyi qeyd olunur.
Husilərin hərbi sözçüsü Yəhya Səri son 24 saat ərzində ballistik və qanadlı raketlərdən, eləcə də pilotsuz uçuş aparatlarından istifadə etməklə Ər-Riyad və Dammamdakı hava limanlarını, həmçinin "Saudi Aramco" şirkətinə məxsus enerji obyektlərini hədəf aldıqlarını iddia edib. O, Məkkə və Mədinə istisna olmaqla, Səudiyyə Ərəbistanındakı digər hava limanlarının və hava məkanının da hədəfə alına biləcəyi barədə xəbərdarlıq edib.
ABŞ Prezidenti Donald Tramp Səudiyyə Ərəbistanının husilərə qarşı əməliyyatlarına Vaşinqtonun qoşulub-qoşulmayacağı ilə bağlı suala cavabında belə bir ehtimalın olduğunu bildirib. O, vəziyyəti qiymətləndirəcəklərini və qərarın sürətlə verilə biləcəyini deyib.
Qeyd edək ki, hücumlar Yəməndə Səudiyyə Ərəbistanının dəstəklədiyi hökumət qüvvələri ilə ölkənin şimal-qərbinin böyük hissəsinə nəzarət edən husilər arasında qarşıdurmanın yenidən kəskinləşdiyi vaxta təsadüf edir. Husilər Səudiyyə Ərəbistanını Yəmən hökumətinə dəstək verdiyinə görə hədəf aldıqlarını bildirirlər.