Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yəmənin üsyançı Ənsar Allah hərəkatının husiləri Qırmızı dənizdə Amerikanın "USS Harry Truman" təyyarədaşıyan gəmisinə raket və pilotsuz təyyarələrlə (PUA) zərbələr endirib.
Redaktor.az xəbər verir ki, bu barədə husilərin yaratdığı silahlı qüvvələrin nümayəndəsi Yəhya Səriya "Al Masirah" televiziya kanalında bildirib.
“Yəmənin raket və pilotsuz sistem qüvvələri iki qanadlı raket və dörd pilotsuz təyyarə ilə Qırmızı dənizin şimalında ABŞ-nin “USS Harry Truman” təyyarədaşıyan gəmisinə hücum edərək, birgə hərbi əməliyyat keçirib”, - deyə o bildirib.
Onun sözlərinə görə, husi qüvvələri tərəfindən həyata keçirilən zərbə zamanı Amerikanın təyyarədaşıyan qrupu Yəməndə Ənsar Allahın nəzarətində olan ərazilərə hücum etməyə hazırlaşırmış.
"Əməliyyat hücumun qarşısını almağa müvəffəq oldu", - deyə Y.Səriya bildirib.
Qəzza zolağında münaqişənin şiddətlənməsindən sonra Ənsar Allah xəbərdarlıq edib ki, İsraili atəşə tutacaq və Fələstin anklavında əməliyyatlar dayandırılana qədər əlaqəli gəmilərin Qırmızı dəniz və Bab əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcək.
2023-cü ilin noyabrından husilər Qırmızı dəniz və Ədən körfəzində onlarla mülki gəmiyə hücum edib.