Icma.az xəbər verir, Baku.ws saytına əsaslanaraq.
Yəməndəki husilərin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada endirdiyi raket zərbəsi şəhərin maliyyə mərkəzində dağıntılara səbəb olub.
BAKU.WS xəbər verir ki, bu barədəSəudiyyə Ərəbistanı Mülki Müdafiə İdarəsi məlumat yayıb.
Hadisə nəticəsində mərkəzdəki göydələnlərdən birinə və ətrafdakı binalara maddi ziyan dəysə də, ölən və ya yaralanan olmayıb.
"Reuters" agentliyinin yaydığı məlumata əsasən, zərbə nəticəsində ölkənin ən hündür binası olan və Dövlət İnvestisiya Fondunun (PIF) baş qərargahının yerləşdiyi PIF Qülləsi zədələnib.
"Reuters"ə danışan üç məlumatlı mənbə göydələnin husilərə məxsus raketlə vurulduğunu təsdiqləyib.
Rəsmi qurumlar zədələnən binanın adını açıqlamasalar da, Səudiyyə Ərəbistanının dövlət xəbər agentliyi SPA-nın yayımladığı fotolarda məhz PIF Qülləsi əks olunub.
Zərbə nəticəsində qüllənin 7-8 mərtəbəsinin pəncərələri sınıb, binanın metal üzlüyünün bir hissəsi sıradan çıxıb.
Hadisədən dərhal sonra maliyyə mərkəzinin bütün giriş-çıxışları bağlanıb və ərazidəki insanlar təxliyə olunub. Hadisə yerinə təcili tibbi yardım və yanğınsöndürmə briqadaları cəlb edilib.
Hücumdan sonra açıqlama verən husilərin hərbi sözcüsü Yəhya Səri paytaxtdakı maliyyə mərkəzi ilə yanaşı, Kral Xalid Beynəlxalq Hava Limanına da çoxsaylı qanadlı raketlərlə zərbə endirdiklərini iddia edib.