Husilərdən Qırmızı dənizlə bağlı açıqlama

10.09.2026

Icma.az xəbər verir, Azpost saytına əsaslanaraq.

Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” hərəkatının (husilər) nümayəndəsi Məhəmməd Əbdülsalam Qırmızı dəniz və Bab əl-Məndəb boğazında gəmiçiliklə bağlı açıqlama verib.

Əbdülsalam sosial şəbəkədəki paylaşımında bildirib ki, Yəmənin sahilyanı ərazilərində həyata keçirilən əməliyyatlar Qırmızı dənizdə gəmiçiliyə və beynəlxalq ticarətə təhlükə yaratmır.

Onun sözlərinə görə, bəzi sahilyanı ərazilərdə aparılan əməliyyatlar Yəmənin suverenliyinin müdafiəsinə və ölkədə vətəndaş sülhünə qarşı təhdidlərin qarşısının alınmasına yönəlmiş milli tədbirlərdir.

Husi nümayəndəsi vurğulayıb ki, Yəmən üçün “həqiqi, ədalətli və ləyaqətli sülh” strateji seçim olaraq qalır. Onun fikrincə, Yəmənlə sülhün yaradılması münasibətlərin normallaşdırılması üçün ən sürətli və az xərc tələb edən yoldur.

Əbdülsalam Yəmənin qonşu dövlətlərə, ərəb və islam ölkələrinə, eləcə də dünyanın digər dövlətlərinə qarşı ərazi və ya başqa ambisiyalarının olmadığını bildirib.

O, Yəmənin digər ölkələrə qarşı təcavüz etmədiyini, əksinə, özünün hücumlara məruz qaldığını iddia edib.

Qırmızı dəniz və Bab əl-Məndəb boğazı ilə bağlı açıqlamasında isə Əbdülsalam xüsusilə vurğulayıb ki, beynəlxalq gəmiçilik və ticarət təhlükəsiz olaraq davam edir. Onun sözlərinə görə, hazırda həyata keçirilən əməliyyatlar əvvəlcədən elan edilmiş mövqelərə uyğun olaraq konkret hədəflərə qarşı yönəlib və müdafiə xarakteri daşıyır.

Husi nümayəndəsi bildirib ki, bu əməliyyatlar Yəmənə qarşı “təcavüz” dayandırıldıqdan və ölkəyə tətbiq olunan blokada aradan qaldırıldıqdan sonra sona çatacaq.

Qeyd edək ki, Bab əl-Məndəb boğazı Qırmızı dənizi Ədən körfəzi və Hind okeanı istiqaməti ilə birləşdirən mühüm dəniz keçididir. Bu marşrut Asiya, Yaxın Şərq və Avropa arasında beynəlxalq ticarət üçün strateji əhəmiyyət daşıyır.

Qeyd edək ki Husilər Qırmızı dənizin sahilində yerləşən Moxa şəhərinin nəzarətə götürüldüyünü açıqlayıb.

Moxa şəhəri Bab əl-Məndəb boğazından təxminən 80 kilometr məsafədə yerləşir. Strateji əhəmiyyət daşıyan bu boğaz Qırmızı dənizi Ədən körfəzi ilə birləşdirir.

Bu məlumat husilərin Qırmızı dənizdə gəmiçilik üçün təhlükə yaratmadıqları barədə verdikləri açıqlama fonunda xüsusi diqqət çəkir. Moxanın nəzarətə götürülməsi bölgədə qüvvələr nisbətinə və Bab əl-Məndəb istiqamətində vəziyyətə təsir edə biləcək hadisə kimi qiymətləndirilə bilər.

AzPost.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью