İçərişəhərdə Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” açılıb

05.10.2026

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 5 oktyabr, AZƏRTAC

İçərişəhərin tarixi-memarlıq irsinə yeni və mühüm bir mədəni məkan əlavə olunub. XIV əsrdə, 1375-ci ildə inşa edilmiş ölkə əhəmiyyətli memarlıq abidəsi — Qazi Fəzlullah ibn Osman məscidində, xalq arasında “Çin məscidi” adı ilə tanınan bu tarixi məkanda Azərbaycanın ilk “Çaydan Xəzinəsi Muzeyi” fəaliyyətə başlayıb.

AZƏRTAC xəbər verir ki, muzey dünya çay mədəniyyətinin zənginliyini, müxtəlif xalqların məişət və sənət ənənələrini özündə birləşdirən nadir kolleksiyanı ilk dəfə sistemli ekspozisiya şəklində ictimaiyyətə təqdim edir.

Muzeyin açılış mərasimində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud, memar və pedaqoq, professor Elçin Əliyev çıxış edərək yeni mədəniyyət ocağının əhəmiyyətindən bəhs ediblər. Bildirilib ki, muzeydə ümumilikdə 219 eksponat – əsasən XX–XXI əsrlərə aid Almaniya, Böyük Britaniya, Fransa, Rusiya, Çin, Yaponiya və digər ölkələrdə hazırlanmış çini, gil, çuqun və şüşə çaydanlar nümayiş olunur. Kolleksiyada klassik formalarla yanaşı, barokko, rokoko, klassisizm və ampir üslublarının təsirləri, həmçinin “Meissen”, “Limoges”, “Wedgwood” və “Royal Albert” kimi məşhur markaların nümunələri yer alır.

Layihənin əsas özəlliklərindən biri dünya çay mədəniyyətinin Azərbaycanın qədim qonaqpərvərlik ənənələri ilə vəhdət təşkil etməsidir. Azərbaycan çay süfrəsinin ayrılmaz atributları olan samovar və armudu stəkanla yanaşı, ekspozisiyada qədim Şəki ərazisindən aşkarlanmış 3400 illik gil samovar da xüsusi yer tutur. Bu, kəklikotu, nanə və müxtəlif ədviyyatlarla hazırlanan dəmləmə mədəniyyətimizin çox qədim köklərə malik olduğunu sübut edir.

“Çaydan Xəzinəsi Muzeyi” sadə məişət əşyasının tarix, sənət və mədəni yaddaşın daşıyıcısına çevrilən yolunu nümayiş etdirməklə yanaşı, paytaxt sakinləri və qonaqlar üçün Çindən Avropaya uzanan geniş mədəniyyət coğrafiyasını kəşf etmək üçün yeni və cəlbedici məkandır.

Müxbir - Gülay Nəzərova

Fotomüxbir - Orxan Kərimov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью