İçərişəhərdə biabırçı vəziyyət turistləri belə aldadırlar

06.11.2026

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

İçərişəhər Bakının əsas turizm məkanlarından biridir. Bura gələn turistlər tarixi abidələrlə yanaşı, Azərbaycan mətbəxini tanımaq, milli yeməklərimizi dadmaq istəyirlər. Lakin bəzi ictimai iaşə obyektlərində tətbiq edilən qiymətlər bu gözləntiləri doğrultmur.

Şəxsən özüm bunun şahidi olmuşam. Səkkiz ədəd yarpaq dolmasına 12 manat, bir şüşə “Natakhtari” (0.5 l) limonadına 5 manat, bir xiyar və bir pomidordan hazırlanan çoban salatına isə 9 manat tələb edilir. İki porsiya dolma sifariş edən müştərinin minimum 40-50 manat hesab ödəməsi adi hal alıb. Halbuki söhbət lüks restoran xidmətindən deyil, sadə yeməklərdən gedir.

Əlbəttə, sahibkar qiymətləri bazar şərtlərinə uyğun müəyyən etmək hüququna malikdir. Lakin tarixi məkanda yerləşmək istənilən qiyməti tətbiq etmək üçün əsas ola bilməz. Üstəlik, bəzi obyektlərdə müştəriyə ümumiyyətlə kassa çeki verilmir, bəzilərində isə ƏDV geri al sisteminə aid QR kodu olmayan və ya oxunmayan çeklər təqdim edilir. Bunlar vergi orqanlarının araşdırmalı olduğu ciddi məsələlərdir. QR kodun oxunmaması özlüyündə saxtakarlığı sübut etməsə də, çeklərin fiskal sistemdə qeydə alınıb-alınmadığı yoxlanılmalıdır. Çünki ƏDV-nin QR kodu olan çeklərin üstündə fiskal kod mövcud deyil. Bu çekin saxtalığına şübhələri bir qədər də artırır.

Əsas problem ondadır ki, bəzi sahibkarlar turistə uzunmüddətli müştəri kimi deyil, bir dəfə gələn və mümkün qədər çox pul xərcləməli olan şəxs kimi yanaşırlar. Halbuki turizm birdəfəlik qazanc üzərində qurulan sahə deyil. Turist aldığı xidmətdən narazı qalarsa, ikinci dəfə həmin məkana gəlməyəcək, üstəlik, mənfi təcrübəsini başqaları ilə də bölüşəcək. Beləliklə, bir obyektin qısamüddətli qazanc marağı bütövlükdə ölkənin turizm imicinə zərər vura bilər.

Burada dövlətin üzərinə də ciddi məsuliyyət düşür. Dövlət Vergi Xidməti İçərişəhərdə, Bulvarda, Nizami Gəncəvi (“Torqovıy”) küçəsində və Bakının digər turist axını çox olan ərazilərində ictimai iaşə obyektlərində kassa çeklərinin verilməsini, satışların rəsmiləşdirilməsini və QR kodların həqiqiliyini yoxlamalıdır. İstehlakçı hüquqlarına nəzarət edən qurumlar isə menyularda qiymətlərin və xidmət haqlarının şəffaf göstərilməsinə diqqət yetirməlidir. Qiymətləri inzibati qaydada müəyyənləşdirmək yox, sağlam rəqabət və şəffaflıq yaratmaq lazımdır.

Nəzərə almaq lazımdır ki, İçərişəhər ayrı-ayrı sahibkarların deyil, Azərbaycanın turizm vitrinidir. Biz ölkəyə turist cəlb etmək üçün milyonlarla vəsait xərclədiyimiz halda, bəzi obyektlərdə onların cibini boşaltmağa çalışırıqsa, turizmin inkişafından necə danışa bilərik? Turist Azərbaycandan xoş təəssüratla ayrılmalıdır, bir daha gəlməmək qərarı ilə yox. /globalinfo.az/

Akif Nəsirli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью