İçərişəhərdə “GastroFest 2026” keçiriləcək

18.09.2026

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Bakının İçərişəhər ərazisində "GastroFest 2026" festivalı keçiriləcək.

Milli.Az xəbər verir ki, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tərəfdaşlığı ilə təşkil olunacaq festival oktyabrın 3-4 və 10-11-də Qoşa Qala meydanında baş tutacaq.

Dörd günlük festival çərçivəsində qastronomiya, musiqi, yaradıcılıq və müxtəlif mədəni təcrübələr bir araya gətiriləcək. Ziyarətçilər müxtəlif mətbəx nümunələri, küçə yeməkləri və yeni dadlarla tanış olmaq, tanınmış şeflərlə görüşmək və qastronomik təqdimatlarda iştirak etmək imkanı əldə edəcəklər.

Tədbirin proqramında uşaqlar üçün xüsusi ustad dərsləri, interaktiv fəaliyyətlər və əyləncəli proqramlar da nəzərdə tutulub. Böyüklər isə yaradıcı workshop-lara qoşula biləcəklər.

Festivalın musiqi proqramında yerli və xarici DJ-lərin çıxışları, canlı musiqi və səhnə performansları təqdim olunacaq. Bundan başqa, əl işləri, incəsənət nümunələri və müxtəlif yaradıcı layihələrin yer aldığı xüsusi zonalar fəaliyyət göstərəcək.

Təşkilatçıların sözlərinə görə, "GastroFest" qastronomiya ilə yanaşı, musiqi, yaradıcılıq və əyləncəni İçərişəhərin tarixi-mədəni mühiti ilə birləşdirməyi hədəfləyir.

Festival oktyabrın 3-4 və 10-11-də saat 14:00-dan 22:00-dək keçiriləcək.

Məkan: Bakı, İçərişəhər, Qoşa Qala meydanı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью