İçərişəhərdə Koreya mədəniyyəti təqdimatları

24.10.2026

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Tarixi İçərişəhərin “Qoşa qala” qapısının qarşısında bu dəfə rəngləri, ənənələri və mədəniyyəti ilə tanınan Şərqi Asiya ab-havası hiss olunur. Oktyabrın 23–24-də Bakıda Koreya mədəniyyətinə maraq göstərənlər üçün canlı görüş məkanına çevrilən Koreya günləri – Koreya yarmarkası keçirilir. Təqdimatlar ziyarətçilərə bu ölkənin milli mətbəxi, adət-ənənələri, incəsənəti və gündəlik həyatına daha yaxından bələd olmaq imkanı yaradır.

Son illərdə Koreya mədəniyyətinə dünya miqyasında artan maraq bu ölkənin dilinə, musiqisinə, filmlərinə və ənənələrinə diqqəti daha da gücləndirib. Bakıda təşkil olunan yarmarka bu marağı canlı təcrübəyə çevirməklə yanaşı, Azərbaycan və Koreya xalqları arasında mədəni dialoqu genişləndirir.

Azərbaycanda Koreya dilini tədris edən müəllim Çve Ho XQ-yə bildirdi ki, burada yaşadığı müddətdə iki ölkənin mədəniyyətləri arasında bir sıra oxşar cəhətlərin olduğunu müşahidə edib:

– Bu oxşarlıqlar, xüsusilə, cəmiyyətin gündəlik həyatında, münasibətlərdə və böyüklərə göstərilən hörmətdə özünü büruzə verir. Nümunə olaraq deyə bilərəm ki, ictimai nəqliyyatda yaşlı insanlara yer verilməsi ənənəsi bizim ölkəmizdə də geniş yayılıb. Koreyada da böyüklərə hörmət cəmiyyətin əsas mənəvi dəyərlərindən hesab olunur.

Bu cür ortaq xüsusiyyətlər Azərbaycan və Koreya xalqlarının bir-birini daha yaxşı anlamasına, mədəniyyətlərarası əlaqələrin möhkəmlənməsinə və qarşılıqlı marağın artmasına töhfə verir. Başqa ölkədə yaşamaq həmin xalqın mədəniyyətini kənardan müşahidə etmək, onu gündəlik həyatın bir parçasına çevirməyə imkan verir. Bu təcrübə mənə Azərbaycan cəmiyyətini daha yaxından tanımağa, eyni zamanda, Koreya və Azərbaycan xalqlarını birləşdirən dəyərləri daha dərindən anlamağa şərait yaradıb.

Koreyanın “Atomy” baxım məhsulları şirkətinin rəhbəri Cho Eun Kyung bildirdi ki, Azərbaycanda keçirilən yarmarkada iştirak etməkdə əsas məqsəd şirkətin məhsullarını yerli istehlakçılara tanıtmaq və onların satışını həyata keçirməkdir:

– Koreya kosmetika və dəriyə qulluq vasitələri sahəsində beynəlxalq səviyyədə tanınır. Bu ölkəyə gələn turistlərin bir qismi də məhz kosmetik məhsullarla maraqlanır, yerli brendlərin təqdim etdiyi yeniliklərlə tanış olmaq və özləri üçün uyğun məhsullar əldə etmək istəyirlər. Bu baxımdan, Koreya istehsalı olan baxım vasitələrinə beynəlxalq bazarda maraq artmaqdadır.

Koreyadakı bir çox kosmetik məhsullar keyfiyyəti, müasir texnologiyaların tətbiqi və istehlakçıların ehtiyaclarına uyğun hazırlanması ilə seçilir. Biz də bunları daha geniş auditoriyaya çatdırmaqla yararlı istifadə barədə insanları məlumatlandırmağa çalışırıq.

Koreya yarmarkasında iştirak bizim üçün Azərbaycan bazarını daha yaxından tanımaq, yerli istehlakçılarla birbaşa ünsiyyət qurmaq və məhsullarımızı təqdim etmək baxımından əhəmiyyətlidir. Belə yarmarkalar şirkətlərə yeni müştərilərlə əlaqə yaratmaq imkanı verir, məhsullara marağı artırır və iki ölkə arasında iqtisadi-mədəni əməkdaşlığın inkişafına töhfə verir.

Koreya milli geyimini nümayiş etdirən Suada Rzayeva isə bu ölkənin dilinə, mədəniyyətinə və ənənələrinə olan marağından danışdı:

– Koreya dilində sərbəst ünsiyyət qura bilirəm. Koreya mədəniyyəti ilə yaxından maraqlanan insanlar üçün bu ölkənin dilini öyrənmək həmin mədəniyyəti daha dərindən anlamağın yollarından biridir. Məhz bu düşüncə ilə Koreya dili kurslarına müraciət etdim və zamanla biliklərimi inkişaf etdirdim. Dil öyrənmək həm də fərqli düşüncə tərzini, insanların dünyagörüşünü və cəmiyyətin dəyərlərini anlamaq imkanıdır.

Yarmarkada Koreyanın milli geyimində iştirak etmək də bu mədəniyyətə olan marağımın bariz təzahürüdür. Belə tədbirlər, iki ölkə arasında mədəni əlaqələri izləmək və öyrənməklə kifayətlənmədən, milli geyimləri və ənənələri tanımaq, eyni zamanda, bu ölkənin mədəni irsini başqalarına da tanıtmaq baxımından əhəmiyyətlidir.

Paytaxt sakini Səbinə Rzazadə Koreya mədəniyyətinə marağın fərqli xalqlar arasında mənəvi yaxınlıq yaratdığını söylədi:

– Bir ölkəni tanımaq üçün onun tarixi və coğrafiyası haqqında məlumat əldə etməkdən əlavə, həmin xalqın gündəlik həyatına, milli geyimlərinə, adət-ənənələrinə və dünyagörüşünə də bələd olmaq lazımdır. Belə mədəni tədbirlər insanlara fərqli ölkələri daha yaxından tanımaq, yeni təcrübələr qazanmaq və başqa xalqların dəyərlərinə maraq göstərmək imkanı verir.

Yarmarkalar həm də insanların ortaq maraqlar ətrafında bir araya gəldiyi, yeni tanışlıqlar qurduğu və fərqli mədəniyyətləri kəşf etdiyi yerlərdir. Bu baxımdan, “Koreya Günləri” ziyarətçilərə gündəlik həyatlarında bəlkə də az rastlaşdıqları mədəni xüsusiyyətləri yaxından görmək və Koreya haqqında təsəvvürlərini zənginləşdirmək fürsəti yaradır.

Ləman TƏHMƏZ
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью