Icma.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“İçərişəhər”də tarixi abidələrin qorunması ilə yanaşı, bu məkanların müxtəlif imkanlara malik insanlar üçün əlçatanlığının təmin edilməsi istiqamətində də addımlar atılır. Tarixi ərazidə quraşdırılan panduslar həm əlil arabasından istifadə edən şəxslərin, həm də uşaq arabası ilə hərəkət edən insanların rahatlığını artırır.
Avtosfer.az xəbər verir ki, nəqliyyat eksperti Rauf Ağamirzəyev İçərişəhərdə, Tağıyev qapılarında quraşdırılan pandusun əhəmiyyətinə diqqət çəkib.
Ekspert bildirib ki, Tağıyev qapılarında yaradılan bu imkan hərəkət məhdudiyyətli şəxslərin və uşaq arabası istifadəçilərinin keçidini xeyli asanlaşdırır. Onun sözlərinə görə, belə həllər tarixi məkanlarda inklüzivliyin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Tağıyev qapıları Şamaxı darvazasının yuxarı hissəsində, keçmiş Bazar küçəsinin, indiki Azərbaycan prospektinin davamında açılmış əlavə keçidlərdən biridir. Darvazaların açılması tacir Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə həyata keçirilsə də, layihə dövlət orqanları tərəfindən hazırlanaraq təsdiqlənib və tikinti həmin layihə əsasında aparılıb.
Ekspert vurğulayıb ki, tarixi-mədəni irsin qorunması ilə yanaşı, belə məkanların hər kəs üçün əlçatan olması da diqqətdə saxlanılmalıdır.
“Tarixi abidələrin inklüzivliyi müasir şəhər mühitinin əsas tələblərindən biridir. Tarixi məkanlarda bu cür həllərin tətbiqi həm irsin qorunmasına, həm də insanların həmin ərazilərdən daha rahat istifadə etməsinə imkan verir”, – deyə Rauf Ağamirzəyev bildirib.
Eltac Zülfüqaroğlu