Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Ötən həftəsonu Bakının qədim İçərişəhərində “Şanlıurfa Mədəniyyət Günləri” keçirilib. “Tarixin qəlbi Xəzərin sahilində” şüarı ilə təşkil edilən mədəniyyət bayramında Türkiyənin ulu əyalətinin musiqisi, folkloru, milli mətbəxi, ənənəvi sənətkarlıq nümunələri təqdim olunub. Qədim istehkam məbəd kompleksləri – Göbəklitəpə və Karahantəpə ilə bağlı sərgi təşkil edilib.
İki qardaş ölkə arasında mədəni körpüləri daha da möhkəmləndirən festivalın açılışından bir gün əvvəl – sentyabrın 4-də təşkil olunan qala gecəsi möhtəşəmliyi ilə diqqət çəkib. Gecədə qardaş Türkiyənin qədim və zəngin ruhu fonunda Şanlıurfanın ilkin tanıtım səhifəsi çevrilib.
Ertəsi gün bayramın rəsmi açılışı Qoşa Qala meydanında təşkil olinub. Mərasimdə Bakı Yunus Əmrə İnstitutunun ev sahibliyi, Türkiyə səfirliyi, İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) dəstəyi, Şanlıurfa Böyükşəhər Bələdiyyəsinin töhfələri və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə əməkdaşlıq çərçivəsində hazırlanan proqramdan danışılıb. Peyğəmbərlər şəhəri kimi tanınan Şanlıurfanın minilliklərə söykənən mədəni irsi Bakı sakinlərinə və şəhərin qonaqlarına təqdim edilib.
Mətbuat konfransındakı çıxışlarda bayramın məramı və zəngin proqramı barədə məlimat verilib. TÜİB İdarə Heyətinin sədri Hüseyn Böyükfırat deyib ki, Şanlıurfa ləhcə və dil xüsusiyyətlərinə görə Azərbaycan dilinə ən yaxın və böyük oxşarlıq təşkil edən bölgələrdən biridir. İnanırıq ki, bu günlər xalqlarımızı birləşdirən ortaq tarixi və mədəni dəyərlərin təbliğinə mühüm töhfə verəcək.
Şanlıurfa Böyükşəhər Bələdiyyəsinin sədri Mehmet Kasım Gülpınar, Bakı Yunus Əmrə İnstitutunun sədr müavini Ömer Yıldız, Samsat Böyükşəhər Bələdiyyəsinin sədri Halil Fırat təşəbbüsün Azərbaycan və Türkiyə arasında mövcud olan qardaşlıq münasibətlərinin, xalqlarımızı birləşdirən tarixi və mədəni bağların daha da möhkəmləndirilməsinə vəsilə olacağına inamlarını ifadə ediblər. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşı Rəna Nəsirova–Mustafayeva vurğulayıb ki, “Tarixin qəlbi Xəzərin sahilində: Şanlıurfa Mədəniyyət Günləri” həm də ulu məkanın turizm imkanlarının Azərbaycanda tanıdılması baxımından mühüm önəm daşıyır.
Rəsmi hissədən sonra qırmızı lent kəsilib və Şanlıurfa mədəniyyətinə həsr olunmuş fotoşəkillərdən ibarət sərginin təntənəli açılışı olub. Proqram çərçivəsində Şanlıurfanın minilliklərə söykənən tarixi, zəngin mədəni irsi, milli mətbəxi, ənənəvi sənətkarlıq nümunələri, folkloru və musiqi mədəniyyəti Bakı sakinləri və şəhərin qonaqlarına maraqlı improvizələrlə təqdim olunub. İki gün ərzində sərgilənən hər bir əl işində, ifa olunan hər bir xalq mahnısında birliyimizin, eyni kökdən bəhrələnməyimizin hərarəti duyulub.
Şanlıurfa günləri ziyarətçilərdə zəngin təəssürat yaradıb. Onlardan biri – sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova burada xoş anlar keçirdiyini söylədi:
– İçərişəhərdə, Xəzərin sahilində Şanlıurfa Mədəniyyət Günlərinin keçirilməsi mənim üçün çox xoş oldu. Mən Urfada olmuşam və bu şəhərin necə zəngin tarixə və mədəniyyətə sahib olduğunu öz gözlərimlə görmüşəm. Göbəklitəpə, Harran, Halfeti, Balıqlıgöl və Urfanın tarixi küçələri… Hər birinin özünəməxsus bir hekayəsi var. O yerləri gəzdikdən sonra Urfanın mədəniyyətinin bu dəfə Azərbaycanda, İçərişəhərdə sərgilənməsi mənə xüsusilə maraqlı və doğma gəldi. Burada təqdim olunan çeşidli mətbəx təamları da heyrətamiz idi. Belə tədbirlər iki ölkənin insanlarını, tarixini və mədəniyyətini bir-birinə daha da yaxınlaşdırır.
Şanlıurfa mədəniyyəti günləri bir daha göstərdi ki, Türk dünyasının sıx inteqrasiyası təkcə ölkələrimizin paytaxtlarını bir-birinə yaxınlaşdırmır, eyni zamanda əyalətlər də bu prosesdə yaxından iştirak edir, yeni əməkdaşlıq imkanları formalaşdırır.
Ə.DOSTƏLİ
XQ