Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Kəlağayı Azərbaycan qadınının zərifliyini, xalqımızın milli kimliyini və çoxəsrlik adət-ənənələrini özündə əks etdirən mədəni irs nümunəsidir. Əsrlərdir nəsildən-nəslə ötürülən bu milli baş örtüyü bu gün də öz aktuallığını qoruyur, milli dəyərlərimizin yaşadılmasına xidmət edir.
Bu gün Bakının mərkəzində də kəlağayıya sevgi və milli irsə bağlılıq nümayiş olunub. QHT-lərin təşkilatçılığı ilə bir qrup azərbaycanlı xanım milli baş örtüyümüz – kəlağayı ilə gəzinti-yürüşünə çıxıb. İçərişəhərdən, Qız qalasının ətrafından başlayan yürüş Dənizkənarı Milli Parkda başa çatıb. Rəngarəng kəlağayılar, milli ruh və xoş ovqatın müşayiət etdiyi yürüş həm də cəmiyyətə milli dəyərlərimizi qorumaq, yaşatmaq və gələcək nəsillərə ötürməyin hər birimizin məsuliyyəti olduğu mesajını ötürüb.
Milli geyimlərdə QHT təmsilçiləri və onlara qoşulanlar İçərişəhər-Fəvvarələr Meydanı-Bulvarda mahnılar oxuyaraq gəzinti ediblər. Onlar gəzinti zamanı şəhər sakinləri və qonaqlarla şəkillər çəkdirib.
Yürüşdə QHT nümayəndələri ilə yanaşı media nümayandələri də iştirak edib. Vətəndaş cəmiyyəti təmsilçiləri bu təşəbbüslə milli geyimlərə, xüsusilə kəlağayıya marağın artırılmasına çalışdıqlarını bildiriblər.
Yürüşdə iştirak edən QHT nümayəndələrindən olan “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova sözügedən məsələ ilə bağlı APA-nın əməkdaşı ilə həmsöhbət olub.
O deyib ki, Azərbaycan xanımları qədim zamanlardan, Xurşidbanu Natəvandan və digər görkəmli qadınlarımızdan başlayaraq hər zaman milli geyimlərdə olublar: “Azərbaycan milli geyimləri Şərq və dünya xalqlarının geyimləri arasında öz zərifliyi ilə seçilir. Hər xalqın özünəməxsus milli geyimi var. Amma bizim milli geyimlərimizi geyinərkən insan özündə qürur hissi keçirir. Əsasən də kəlağayı xanımlarımızın zərifliyini, gözəlliyini və nəcibliyini təcəssüm etdirən baş örtüyüdür. Bu baş örtüsünü daşıyarkən özümüzdə qürur hissi keçiririk. Kəlağayı dini və ya irqi mənsubiyyətimizi ifadə etmir. Bu, sadəcə, bizim milli qadın baş örtümüz, milli geyimimizə uyğun aksessuarımız, eyni zamanda milli-mənəvi dəyərimizin bir parçasıdır”.
Digər həmsöhbətimiz İncəsənətin Tərəqqisinə Dəstək İctimai Birliyinin sədri Turanə Orucova bildirib ki, kəlağayı Azərbaycan qadınının zərifliyini, milli-mədəni dəyərlərimizi və əsrlərdən gələn sənət ənənələrimizi təcəssüm etdirir: “Bu irsin qorunması yalnız mədəniyyətimizin yaşadılması deyil, həm də milli kimliyimizə və tarixi yaddaşımıza sahib çıxmaq deməkdir. Milli geyimlərimizin, xüsusilə də kəlağayımızın təbliği, qorunması və gələcək nəsillərə ötürülməsi bizim əsas məqsədlərimizdəndir. Çünki milli irsimiz xalqımızın tarixini, milli kimliyini və dövlətçilik ənənələrini özündə yaşadan mühüm mənəvi sərvətdir. İstəyimiz bu dəyərləri sadəcə nümayiş etdirmək deyil, onların mahiyyətini gənclərə aşılamaq və milli irsimizi gələcəyə daşımaqdır. Milli-mənəvi dəyərlərimizin qorunması dövlətçilik ənənələrimizin möhkəmləndirilməsi və milli birliyimizin yaşadılması baxımından da mühüm əhəmiyyət daşıyır. Çünki öz tarixinə və mədəniyyətinə sahib çıxan xalq öz kimliyini də qoruyur. Bizim üçün milli geyimlərimiz və kəlağayımız keçmişimizlə gələcəyimiz arasında mənəvi körpü, milli kimliyimizin və dövlətçilik ruhumuzun ifadəsidir. Əsas məqsədimiz bu zəngin irsi yaşatmaq, təbliğ etmək və gələcək nəsillərə bütöv şəkildə ötürməkdir”.
Kəlağayı və milli geyimlərimizlə bağlı şəhər sakinləri, eləcə də turistlər öz fikirlərini bölüşüb.
Yürüş iştirakçılarını maraqla izləyən Bakı sakini Yunis Cümşüdov deyib ki, Azərbaycanın milli geyimlərindən olan kəlağayı Azərbaycan xanımının gözəlliyini tamamlayan, milli kimliyimizi və zəngin mədəni irsimizi özündə əks etdirən dəyərlərdən biridir: “Kəlağayı Azərbaycan qadınının zərifliyini və gözəlliyini daha da ön plana çıxarır. Qadın nə qədər gözəl olsa da, kəlağayı ona xüsusi yaraşıq verir və milli görünüşünü tamamlayır. Hər xalqın öz milli geyimi var. Kəlağayı da bizim milli geyimlərimizdəndir və onun qorunub saxlanılması mədəniyyətimizin qorunub saxlanılması ilə birbaşa əlaqəlidir”.
Yunis Cümşüdov vurğulayıb ki, milli geyim nümunələrinin yaşadılması, gələcək nəsillərə ötürülməsi və onların təbliği milli-mədəni irsimizin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Türkiyə vətəndaşı Burhan Karabıçak isə deyib ki, milli geyim festivalları xalqların mədəni irsinin tanıdılması və ənənələrinin yaşadılması baxımından mühüm əhəmiyyət daşıyır: “Azərbaycanda nümayiş etdirilən milli geyimlər mənə Türkiyədəki ənənəvi geyimləri xatırladır. Həm geyimlər, həm də tədbir iştirakçılarının enerjili və gümrah olması diqqət çəkir. İnsanların yaşının fərqi yoxdur, həm gənclər, həm də yaşlılar öz fəallıqları ilə seçilirlər”.
Milli geyimlərin qadınlar tərəfindən gündəlik həyatda və müxtəlif tədbirlərdə istifadə edilməsinə müsbət yanaşdığını bildirən Burhan Karabıçak bunun ənənələrin qorunmasına töhfə verdiyini deyib.
“Əlbəttə, geyinsinlər. Onlar keçmişlərini yaşadırlar, qoruyurlar. Gələcək nəsillərə də miras qoyurlar. Yoxsa bütün bunlar tamamilə itib gedər”, – o qeyd edib.
Almaniya vətəndaşı Nuray Əhmədzadənin sözlərinə görə, kəlağayı Azərbaycanın tarixini, milli mədəni dəyərlərini özündə əks etdirir: “Kəlağayı Azərbaycan qadınının zərifliyini və gözəlliyini tamamlayır. Milli geyimlərin və ənənələrin belə tədbirlər vasitəsilə yaşadılmasını çox gözəl hesab edirəm. Bu, Azərbaycana ilk gəlişimdir. Bu cür gözəl mənzərə ilə qarşılaşmaq mənə çox xoş oldu. Kəlağayıların rəngləri, naxışları və hazırlanma ənənəsi onların özünəməxsus gözəlliyini ortaya qoyur. Məncə, bu cür milli dəyərlərin qorunması və gələcək nəsillərə ötürülməsi çox vacibdir”.
Pakistan vətəndaşı Vaiz Yamin deyib ki, Azərbaycan qadınlarının milli geyimlərini və kəlağayılarını qoruyub saxlaması, əsrlərdən bəri gələn ənənələri yaşadaraq gələcək nəsillərə ötürməsi təqdirəlayiqdir.
O, Azərbaycanda milli geyimlərə göstərilən diqqəti yüksək qiymətləndirib, xüsusilə kəlağayıların gözəlliyinin onda xoş təəssürat yaratdığını bildirib.
O qeyd edib ki, Azərbaycan milli geyimlərinin hər biri özünəməxsus xüsusiyyətləri, naxışları və mənası ilə seçilir: “Kəlağayılar qadınların zərifliyini əks etdirməklə yanaşı, xalqın tarixi və mədəni irsi haqqında da təsəvvür yaradır. Milli geyimlər, kəlağayılar və döyüş sənətləri Azərbaycan mədəniyyətinin zənginliyini və özünəməxsusluğunu nümayiş etdirən mühüm elementlərdir. Bu dəyərlərin qorunması və təbliği, xüsusilə də gənc nəslə tanıdılması baxımından tədbirlərin keçirilməsi böyük əhəmiyyət daşıyır”.
Azərbaycan kəlağayısı beynəlxalq səviyyədə də tanınır. 2014-cü ilin noyabrında “Qadın ipək baş örtüyü kəlağayının ənənəvi hazırlanma və daşınma mədəniyyəti və onun simvolikası” UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Bu mühüm hadisə kəlağayının yalnız Azərbaycan xalqı üçün deyil, bütövlükdə bəşəriyyətin mədəni irsi baxımından əhəmiyyətini təsdiqləyib.