Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.
Dünən axşam saatlarında Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən sərnişin qatarına Zabrat-Pirşağı sahəsindən keçərkən daş atılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Dəmir Yolları (ADY) məlumat yayıb.
Bildirilib ki, nəticədə qatarın içində sərnişinlərin olduğu 2-ci vaqonunun pəncərələrindən biri sınıb.
Ümumilikdə, bu ilin yanvar-sentyabr aylarında ADY-nin qatarlarına hərəkətdə olarkən 36 dəfə daş atılıb.
Qeyd edilib ki, bu cür qanunsuz və məsuliyyətsiz hərəkəti edənlər müvafiq qaydada tapılır və qanunvericilik əsasında cəzalandırılır.
ADY bir daha hamımızın sərvəti olan qatarları qorumağa, təhlükəsiz səfərlər üçün həmrəy olmağa çağırır.
***
Oktyabrın 30-da Bakı-Sumqayıt xətti ilə hərəkət edən sürət qatarına Sabunçu rayonu Kürdəxanı qəsəbəsində daşla ziyan vuran şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunublar.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, əməli törədənlər 2010-cu il təvəllüdlü iki yeniyetmə valideynləri ilə Sabunçu Xətt Polis Şöbəsinə dəvət olunublar. Onlar barəsində müvafiq qanunvericiliyə uyğun profilaktik məsuliyyət tədbirləri görülüb.