“İcra nümayəndəsinin bacısı “Flora Baku”nu sökdürməklə hədələyir” Video

23.11.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Bakı şəhər, Yasamal rayonu, Təbriz Xəlilrza oğlu 23 ünvanında yerləşən “Flora Baku” adlı musiqili məkan bağlanmaq təhlükəsi ilə üz-üzədir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məkanın “Instagram” səhifəsində paylaşım edilib.

Bildirilib ki, buna səbəb icra nümayəndələrindən birinin bacısının onlardan şikayət etməsi olub: “Keçən həftə bizə bir qadın yaxınlaşıb dedi ki, buranı yığışdırın, fəaliyyətinizi dayandırın. Biz də soruşduq ki, “niyə, nə səbəbə?” Sən demə, bu qonşumuz bura yeni köçübmüş və bizə sonda dedi ki, “mən filankəsin bacısıyam”, hansısa icra nümayəndəsinin bacısı imiş. Bizi təhdid edir ki, guya burada narkomaniya ilə məşğuluq, əxlaqsızlıq yayırıq...

Gəlin, göstərim sizə, biz nə ilə məşğuluq: retro konserti, Azərbaycan retro musiqiləri, Rəşid Behbudov gecəsi, nostalji musiqilər gecəsi. Yəni bizim məşğul olduğumuz sahəni hər kəs bilir. Tək bizim fəaliyyətimiz musiqi ilə deyil, dəfələrlə deyirik, konsertlərdən əlavə olaraq xeyriyyə tədbirləri keçiririk. Bunu təmənnasız edirik”.

Paylaşımda qeyd olunub ki, bu hal artıq ikinci dəfədir baş verir: “Bu gün öyrəndim ki, sabah icra nümayəndələri obyektimizi sökməyə gələcək. Çünki bacısı qardaşına şikayət edib ki, buranı sökdürsün”.

Məsələ ilə bağlı aidiyyəti quruma sorğu göndərmişik.

Daha ətraflı videoda:

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью