İctimai Birlik sədri: Dövlət qayğısı gənclərimiz üçün parlaq gələcəyin təminatıdır

02.02.2026

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 2 fevral, AZƏRTAC

Bu gün gənclər üçün xüsusilə əlamətdar gündür. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan Gəncləri Günü biz gənclər üçün müstəsna əhəmiyyət kəsb edən tarixdir. 1996-cı ildə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Gənclərinin ilk forumunun keçirilməsi həmin dövrdə gəncliyimiz qarşısında böyük imkanlar açmaqla yanaşı, həm də ciddi məsuliyyət qoymuşdu.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Gənclər Mərkəzi” İctimai Birliyinin sədri Kənan Qubadzadə bildirib.

Onun sözlərinə görə, dövlətimizin gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Dövlətimizin başçısının gənclərə xüsusi diqqət və qayğısını hər il müxtəlif sahələr üzrə təqdim edilən Prezident mükafatlarında da aydın görürük. Azərbaycan Gənclərinin XI Forumu gedişatında gənclərin mükafatlandırılması ölkəmizdə gənclərin fəaliyyətinə verilən yüksək dəyərin bariz nümunəsidir. Bu baxımdan, Azərbaycan gənclərinin XI Forumunun iştirakçısı olduğum üçün özümü çox şanslı hesab edirəm”.

Dövlət qayğısının gənclərimiz üçün parlaq gələcəyin təminatı olduğunu söyləyən K.Qubadzadə əlavə edib: “2020-ci ildə, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan gəncliyi Ali Baş Komandanın çağırışına dərhal səs verərək, torpaqlarımızı işğaldan azad etdi. Həmçinin hesab edirəm ki, sağlam gənclik hər zaman ön sıralarda olmalıdır. Müasir Azərbaycan gəncliyi təkcə döyüş meydanında deyil, həm də quruculuq işlərində, innovativ layihələrdə və azad edilmiş ərazilərin dirçəldilməsində aparıcı qüvvəyə çevrilməlidir. Bizim borcumuz dövlət tərəfindən yaradılan geniş imkanlardan maksimum yararlanaraq, milli maraqlarımızı həm ölkə daxilində, həm də beynəlxalq platformalarda layiqincə müdafiə etməkdir. Bu yolda atılan hər bir addım güclü və suveren Azərbaycanın parlaq gələcəyinə xidmət edir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью