İctimai nəqliyyatda itirdiyimiz mədəniyyət Bir birimizə niyə dözmürük?

27.11.2026

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Demək olar ki, hə gün ictimai nəqliyyatda eyni hallarla rastlaşırıq: Sərnişinlər bir-birlərinə kobudluq edir, növbəni pozur, tıxacda qaldıqda sürücü ilə mübahisə edir, hətta bəzən bu mübahisələrin sonu məhkəmədə bitir. Təsadüfi deyil ki, ötən günlərdə də belə bir xoşagəlməz hal baş verdi. Sürücüdən dayanacaqdan kənarda saxlamasını tələb edən sərnişin sonda ön qapının şüşəsini təpiklə sındıraraq, açıb.

Bəs, nəyə görə bu aqressiyalara daha çox ictimai nəqliyyatda rast gəlirik? Bu davranışların altında hansı psixoloji və sosial səbəblər var? İnsanlar niyə bir-birlərinə qarşı kobud rəftar sərgiləyirlər?

Psixoloq Aytən Ələkbərova Lent.az-a açıqlamasında bildirib ki, ictimai nəqliyyatda insanın tez əsəbiləşməsinin psixoloji və sosial səbəbləri var:

“Avtobusda, metroda və ümumiyyətlə, ictimai nəqliyyatda insanların emosional dözümlülüyü nəyə görə azalır? İnsanlar nəyə görə bəzən istəyirlər ki, nə olursa-olsun, dərhal cavab versinlər? Onlarda niyə qıcıq yaranır? İnsanların daha çox aqressivləşməsinə bir neçə bucaqdan baxmaq olar. Bu, stress, yorğunluq, nəzarəti itirmək, sıxlıqda boğulma, insanlarla yaxın təmasda olma, dərhal təmasın yaranması, şəxsi sərhədlərin pozulması və ən əsası, frustrasiya hissi ilə əlaqədardır.

Bütün bu hallar nəticədə empatiyanın azalmasına səbəb olur. Bu isə yekunda qəzəbə çevrilir. Bu qəzəb insanların özlərinin də fərqində olmadan onlar haqqında ictimai qınağın yaranmasına səbəb olur. Bəzən insan üçün ən böyük cəza ictimai qınaqdır. İctimai qınaq zamanı insanın psixoloji dözümlülüyü onu idarə etməyə başlayır. Bəzən görürük ki, belə olduqda suisid halları baş verir.

İctimai nəqliyyatdan istifadə edən insanlara tövsiyəm ondan ibarətdir ki, nə olursa-olsun, sosial məsuliyyətin zəifləməsinə icazə verilməsin. Sosial məsuliyyət zəiflədiyi halda digərlərinin marağına səbəb olacaq görüntülər ortaya çıxır”.

Sosioloq Naib Niftəliyev Lent.az-a açıqlamasında bildirib ki, ictimai nəqliyyatdakı sıxlıq problemi bizim cəmiyyət üçün aktual məsələdir:

“Bakıda, qismən Sumqayıtda və Gəncədə bu problem vaxtaşırı yaranır. Tədricən orta və kiçik şəhərləri, nisbətən böyük rayonları da əhatə edir. Bu, bir tərəfdən yaxşıdır, iqtisadi aktivliyin, fəallığın göstəricisidir. Lakin görünən odur ki, burada tənzimləmələrlə bağlı ciddi problemlər var. Hansı nəqliyyatdan nə vaxt, necə istifadə edilməsi, ictimai nəqliyyatla şəxsi nəqliyyat vasitəsinin tarifinin qarışdırılması və düzgün istifadəsi məsələsi ortaya çıxır. Digər tərəfdən isə nəqliyyat qrafikinin düzgün tənzimlənməsi, nəqliyyatın ağıllı idarə edilməsi ilə bağlı problemlər ortaya çıxır. Bizdə nəqliyyatın tənzimlənməsi məsələsində ciddi problemlər var.

Dayanacaqlarda növbə mədəniyyətinin formalaşması üçün cərimələr müəyyən qədər kömək edə bilər. Ancaq sıxlıq həddindən artıqdırsa, bu zaman növbəlilik prinsipi tətbiq oluna bilər. Lakin bu, o halda işə yaraya bilər ki, insanın Gəncədə və ya Bakıda çalışmasının heç bir fərqi olmasın. Bu zaman nəqliyyatda sıxlıq əhəmiyyətli dərəcədə azalar. İnsanın iş üçün başqa rayondan Bakıya üz tutması, əlbəttə ki, şəhərdə sıxlığa səbəb olacaq. Biz bu məsələləri düzgün şəkildə həll etsək, nəqliyyatdakı problemlər də aradan qalxacaq.

İctimai nəqliyyatda insanların bir-birinə qarşı kobud rəftarı təbii və gözləniləndir. Çünki heç kim bir-birinə güzəştə getmir. Belə olduqda gecikən də, işəgötürən də narazı olur. Nəqliyyatın adekvatlığının olmaması, metronun “ala-yarımçıq” işləməsi, digər nəqliyyat vasitələrinin insan sayına uyğun olmaması, həddindən çox tələsən insanların şəxsi avtomobillərdən ifrat dərəcədə istifadəsi nəticəsində sıxlıq yaranır. Bir insan bir kilometr məsafəni qət etmək üçün avtomobil idarə edəndə yollarda sıxlığın yaranması normaldır.

Təminat məsələsi ilə bağlı problemləri olan şəxslər növbəli iş rejimində çalışırlar. Bu zaman insan yorulur, stress çəkir. Azərbaycanda çalışan hər üç nəfərdən ikisi əlavə iş yerində çalışır. Həmçinin hər dörd nəfərdən birinin üçüncü iş yeri var. Əhalinin 15-20 faizi nisbi yoxsulluqdan, 5-7 faizi isə müxtəlif yoxsulluqdan əziyyət çəkir. Orta təbəqə isə müxtəlif qiymət artımları nəticəsində tez-tez deformasiyaya məruz qalır, say tərkibi dəyişir”.

Yazı Azərbaycan Respublikası Media və Yayım Şurasının maliyyə dəstəyi ilə “ictimai və dövlət maraqlarının müdafiəsi” mövzusunda dərc olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью