İctimai nəqliyyatda kimlərə güzəşt verilə bilər?

18.11.2026

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

İctimai nəqliyyatda güzəştli və ya ödənişsiz gediş hüququnun kimlərə şamil olunması məsələsi son dövrlər cəmiyyətdə müzakirə mövzusuna çevrilib.

Xüsusilə tələbələrin nəqliyyat xərclərinin azaldılması ilə bağlı təkliflər bu məsələyə diqqəti artırıb. Milli Məclisin deputatı Günay Ağamalı 2027-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı ali və orta ixtisas təhsili müəssisələrində oxuyan tələbələrin ictimai nəqliyyatdan güzəştli istifadə etməsini təklif edib.

Onun sözlərinə görə, xüsusilə aztəminatlı ailələrdən olan, eləcə də təhsil almaq üçün regionlardan paytaxta gələn gənclər üçün gündəlik nəqliyyat xərcləri əlavə maddi yük yaradır. İctimai nəqliyyatda güzəştlərin yalnız tələbə və şagirdlərə deyil, digər sosial kateqoriyalardan olan şəxslərə də şamil edilməsi ilə bağlı fikirlər səsləndirilir. Bu baxımdan, güzəştli və ya ödənişsiz gediş hüququnun hansı kateqoriyaları əhatə etməli olduğu, eləcə də belə bir mexanizmin necə tətbiq edilə biləcəyi məsələsi yenidən gündəmə gəlib. 

Azərbaycanda ictimai nəqliyyatdan istifadə ilə bağlı ayrıca güzəşt kateqoriyasının yaradılması mümkündürmü? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı- ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda ictimai nəqliyyatda güzəştlərlə bağlı uzun illərdir müzakirələr aparılır:

“Hesab edirəm ki, bu müzakirələr düzgün istiqamətdə getmir. Çünki müzakirələr zamanı əsas diqqət birdəfəlik gediş haqqının məbləğinə yönəldilir. Halbuki Avropa ölkələrində, eləcə də Gürcüstan və Türkiyədə artıq zamana və müxtəlif sosial kateqoriyalara uyğun gediş haqqı sisteminə keçilib. Azərbaycanda da saatlıq, həftəlik, yarımillik və illik gediş biletləri satışa çıxarılmalıdır”. 

Ekspert qeyd edib ki, bununla yanaşı, tələbələrə, şagirdlərə və təqaüdçülərə ayrıca güzəştlər tətbiq edilməlidir: “Çünki bu kateqoriyadan olan şəxslər ictimai nəqliyyatdan daha çox istifadə edən və gediş xərcləri ailə büdcəsinə təsir göstərən qruplardır. Hesab edirəm ki, ictimai nəqliyyatda güzəştlərlə bağlı müzakirələr məhz bu istiqamətdə aparılarsa, daha məqsədəuyğun olar”. 

Gülər Həsənli 
“Cebheinfo.az”

Açar sözlər: İctimai nəqliyyat Natiq Cəfərli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью