İctimai nəqliyyatla bağlı brutto müqavilə sistemi nə dair layihənin hazırlanması son mərhələdədir

28.01.2026

Icma.az, Hurriyyet portalına istinadən məlumat verir.

Bakı və Abşeron ərazisində ictimai nəqliyyatla bağlı "brutto müqavilə sistemi"nə dair layihənin hazırlanması son mərhələdədir.

"Report"xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nın 2025-ci il üzrə icrasına həsr olunmuş dəyirmi masada bildirib.

Onun sözlərinə görə, bu istiqamətdə işlər yekunlaşmaq üzrədir: "Bu müqavilənin başlıca məqsədi avtobus marşrutlarının müəyyən olunmuş cədvələ uyğun fəaliyyət göstərməsidir".

O qeyd edib ki, hazırda ölkədə avtobus parkının yenilənməsi mühüm əhəmiyyət kəsb edir: "Avtobusların sayı artırılır. Ancaq bununla bərabər, həmin avtobusların istismarını həyata keçirən daşıyıcılarla bağlı münasibətlərin tamamilə yeni müstəviyə keçirilməsi istiqamətində işlər görülür. Biz artıq 'brutto müqaviləsi' modelinə keçidlə bağlı qərar vermişik və bu istiqamətdə ilkin addımlar atılıb. Bu o deməkdir ki, daşıyıcı artıq topladığı gəlirdən (yəni sərnişin sayından) asılı olmayacaq. Onun əsas vəzifəsi təyin olunmuş qrafik üzrə, təmiz və saz vəziyyətdə olan avtobuslarla sərnişinlərə xidmət göstərmək olacaq. Dövlət isə öz növbəsində həmin daşıyıcıya qət etdiyi kilometrə görə ödəniş edəcək. Bu model imkan verəcək ki, həm xidmət keyfiyyəti artsın, həm də daşıyıcıların maliyyə dayanıqlılığı təmin olunsun".

Eyni zamanda, o bildirib ki, bu sistem sürücülərin iş şəraitinin yaxşılaşdırılmasına, onların daha intizamlı fəaliyyət göstərməsinə birbaşa təsir edəcək: "Artıq yollarda sərnişin toplamaq üçün həyata keçirilən 'ötüşmələr' və ya dayanacaqlarda lüzumsuz gözləmələr tarixə qovuşacaq. Çünki daşıyıcının gəliri sərnişin sayından yox, xidmətin keyfiyyətindən və qrafikə əməl olunmasından asılı olacaq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью