İctimai rəy cəmiyyətin aynasıdır

03.07.2026

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Sorğunun nəticələri göstərir ki, Azərbaycan xalqı ayıq-sayıqdır və iqtidarın siyasətinin mahiyyətini düzgün dəyərləndirir

İctimai rəy sorğuları modern dünyada cəmiyyətin müxtəlif siyasi, sosial və iqtisadi proseslər barədə münasibətini öyrənmək üçün ən geniş formada tətbiq edilən alətlərdən biridir. O, insanların prioritetlərini, gözləntilərini müəyyənləşdirməyə, dövlət siyasətinin hansı istiqamətlərdə ictimai dəstək qazandığını aydınlaşdırmağa imkan verir. Bu baxımdan Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) 20-30 may 2026-cı il tarixlərində keçirdiyi ictimai rəy sorğusu da ölkədə siyasi etimadın mövcud vəziyyətini qiymətləndirmək üçün zəruri məlumatları müəyyənləşdirib ortaya qoyur.

Sorğuda yaşı 18 və yuxarı olan 1210 respondent iştirak edib. Respondentlərin cins, yaş, təhsil və iqtisadi rayonlar üzrə bölgüsü rəsmi statistik göstəricilərə uyğun formalaşdırılıb. Üzbəüz müsahibə üsulunun tətbiqi isə cavabların daha dolğun toplanmasına imkan verən klassik sosioloji metodlardan biridir. 

Sorğunun nəticələrinə görə, respondentlərin 87,7 faizi Prezident İlham Əliyevə etimad göstərib. 93,6 faizi Prezidentin fəaliyyətini müsbət qiymətləndirib, 91,5 faizi “növbəti prezident seçkiləri gələn bazar günü keçirilsəydi, yenə də İlham Əliyevə səs verərdim”, – deyib. 81,9 faizi isə Prezidenti alternativsiz siyasi lider kimi dəyərləndirib.

Bu göstəricilər bir-biri ilə müqayisədə maraqlı mənzərə yaradır. Məlumat üçün qeyd edək ki, sosioloji terminologiyada “etimad”, “fəaliyyətin qiymətləndirilməsi” və “seçki davranışı” eyni məzmunu ifadə edən anlayışlar deyil. İnsan müəyyən siyasətçinin fəaliyyətini müsbət qiymətləndirə, lakin ona qarşı etimad səviyyəsi fərqli ola bilər. Eyni zamanda, etimad göstərən hər bir şəxsin seçki davranışı da eyni istiqamətdə olmaya bilər. Bu kontekstdə yanaşsaq, Prezident İlham Əliyevə münasibətdə hər üç indikatorun yüksək səviyyədə üst-üstə düşməsi ictimai rəydə vahid tendensiyanın mövcudluğunu göstərən nüans kimi qiymətləndirilə bilər.

Sorğunun nəticələrindən biri respondentlərin dövlət idarəçiliyində sabitlik amilinə ciddi önəm verməsi ilə bağlıdır. Dünyada geosiyasi gərginliyin, regional münaqişələrin və iqtisadi qeyri-müəyyənliyin artdığı bir şəraitdə Azərbaycanda sabitliyin, təhlükəsizliyin yüksək səviyyədə təmin olunması, dövlətimizin güclü iqtisadiyyata, orduya malik olması, özü-özünü təmin edən ölkəyə çevrilməsi sorğu iştirakçılarının da diqqətini çəkib. Respondentlərin əhəmiyyətli hissəsinin İlham Əliyevin  dövlət idarəçiliyini müsbət qiymətləndirməsi bu faktı bir daha təsdiqləmiş olur. 

Digər tərəfdən, Azərbaycanın regional və qlobal layihələrdə iştirakı və ya müəllifliyi də diqqətdən kənar qalmayıb. Beynəlxalq əlaqələrə söykənən iqtisadi infrastrukturun genişləndirilməsi, nəqliyyat-logistika imkanlarının artırılması, enerji layihələrinin inkişafı, habelə regional proseslərdə dövlətimizin rolunun artması ictimai rəy sorğusu zamanı dəyərini tapmış amillər sırasındadır. Azərbaycanın  müstəqil siyasət yürüdən ölkə statusu qazanması, Cənubi Qafqazın lider dövləti rolunda çıxış etməsi , qlobal səviyyədə öz sözünü deyən dövlətə çevrilməsi sorğuda Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin göstəricisi kimi dəyərləndirilib. 

İctimai rəy sorğularının elmi dəyəri yalnız rəqəmlərin açıqlanması ilə məhdudlaşmır. Belə araşdırmalar dövlət institutlarının, tədqiqatçıların və ekspertlərin cəmiyyətin gözləntilərini, prioritetlərini daha dəqiq müəyyən etmələrinə  imkan yaradır. Sorğuların müxtəlif dövrlərdə təkrarlanması isə dinamikanı izləməyə, dəyişiklik meyillərini müəyyən etməyə və sosial proseslərin inkişaf istiqamətlərini müqayisəli şəkildə təhlilinə şərait yaradır. MEDİA-nın keçirdiyi son ictimai rəy sorğusu da Azərbaycan cəmiyyətində siyasi etimad göstəricilərinin müqayisəli şəkildə öyrənilməsi baxımından təqdirəlayiqdir. Nəticələrdən aydın şəkildə görünür ki, 44 günlük Vətən müharibəsində tarixi qələbənin qazanılması, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsi xalqın yaddaşının ən dərin qatlarına işləyib. İnsanlar bu qələbinin təməlində Prezident İlham Əliyevin böyük şəxsiyyətinin, qətiyyətli Lider xüsusiyyətlərinin dayandığını bilir və onu yüksək qiymətlənidirirlər. 

Sorğu həm də onu göstərdi ki, Azərbaycan xalqı ayıq-sayıqdır, Prezident İlham Əliyevin siyasətinin mahiyyətini düzgün dəyərləndirir. Bu siyasətin milli maraqlarlarımızı qətiyyətlə müdafiə etdiyinin, xalqın maraqlarına söykəndiyinin fərqinə varır. Fikrimizcə, sorğunun üzə çıxardığı ən böyük həqiqət məhz budur. 

Müşfiq Ələsgərli

Media eksperti

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью