Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
6 noyabr 2024-cü il tarixində Bakı şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan Respublikasının Kosmik Agentliyinin (Azərkosmos) təşkilatçılığı ilə “World Space Leaders Summit” keçirilib.
"Unikal" xəbər verir ki, sammitdə dünyanın qabaqcıl 40 ölkəsinin aerokosmik şirkət və dövlət müəssisələrinin, o cümlədən AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutunun nümayəndə heyəti iştirak edib.
Tədbirdə ətraf mühitin mühafizəsi istiqamətində COP29 tələblərinə cavab verən fəaliyyət növləri barədə danışıqlar aparılıb, “COP29 Impact and Output: International Pledge for Space-Based Climate Action” adlı razılıq sənədi təsdiqlənib.
Azərkosmosun rəhbərliyi ilə keçirilən tədbir çərçivəsində “Kosmosdan Yerə: Dəyişən İqlimdə Məlumata əsaslanan qərarların qəbulu" (From Space to Earth: Data-Driven Decision Making in a Changing Climate) adlı panel sessiyada plenar məruzəçi qismində çıxış edən İSİ-nin baş direktoru, akademik Əli Abbasov Azərbaycanda qlobal iqlim dəyişikliklərilə bağlı problemlərin həlli istiqamətində kosmik və peyk texnologiyalarının tətbiqindən bəhs edib.
Son on ildə sözügedən sahədə görülmüş işlər barədə ətraflı məlumat verən Ə.Abbasov Azərbaycanın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) və Çin Milli Aerokosmik Administrasiyası (CNSA) ilə əməkdaşlıq əlaqələrindən və qlobal təşəbbüslərdə iştirakından danışıb.
Ətraf mühitin mühafizəsi istiqamətində Azərbaycan alimləri tərəfindən həyata keçirilən işlərdən söz açan Ə.Abbasov məlumata əsaslanan qərarların qəbulu ilə bağlı müxtəlif sektorlar üçün məlumatlar təqdim edən uzaqdan zondlama, süni intellektlə idarə olunan modellər və IoT cihazları kimi peyk texnologiyalarının inteqrasiyası barədə danışıb.
Bildirib ki, hazırda ölkəmizdə qeyri-səlis məntiq və neyroşəbəkələri peyk məlumatları ilə birləşdirərək kənd təsərrüfatı sahəsində qlobal problemləri həll edən intellektual idarəetmə sistemləri hazırlanaraq tətbiq edilir.