Ses qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ölkəmizin ictimai-siyasi həyatında mühüm tarixi hadisə olmaqla yanaşı, Azərbaycanın gələcək inkişaf istiqamətlərinin, dövlət siyasətinin prioritetlərinin və qarşıda duran strateji vəzifələrin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin qurultaydakı proqram xarakterli nitqi ölkəmizin əldə etdiyi nailiyyətlərin qiymətləndirilməsi ilə yanaşı, müasir dövrün çağırışlarını və gələcək fəaliyyət istiqamətlərini aydın şəkildə ortaya qoymuşdur.
Cənab Prezidentin çıxışında Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpası, milli təhlükəsizliyin möhkəmləndirilməsi, iqtisadi müstəqilliyin qorunması, beynəlxalq mövqelərimizin gücləndirilməsi, əhalinin rifahının yüksəldilməsi və ideoloji təhlükəsizliyin təmin olunması əsas prioritetlər kimi diqqətə çatdırılmışdır.
Bu gün Azərbaycan müstəqil siyasət yürüdən, öz milli maraqlarını qətiyyətlə müdafiə edən və beynəlxalq münasibətlər sistemində nüfuzu artan dövlətdir. Əldə olunan uğurların əsasında xalqımızın birliyi, dövlətimizin gücü və Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi dayanır.
Qurultayda xüsusi vurğulanan məsələlərdən biri milli təhlükəsizliyin yalnız hərbi və fiziki təhlükəsizliklə məhdudlaşmaması, ideoloji təhlükəsizliyin də eyni dərəcədə mühüm əhəmiyyət daşımasıdır. Cənab Prezident qeyd etmişdir ki, müasir dövrdə informasiya texnologiyalarının, internetin və süni intellektin geniş yayıldığı şəraitdə ideoloji təxribatlar sərhəd tanımır. Buna görə də cəmiyyətin maarifləndirilməsi, təhsilin və vətənpərvərlik ruhunun gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan hər birimiz üzərimizə düşən məsuliyyəti dərk etməli, milli maraqlarımızın qorunmasına, dövlətçilik düşüncəsinin möhkəmləndirilməsinə və cəmiyyətin zərərli informasiya təsirlərindən müdafiəsinə öz töhfəmizi verməliyik. Telekommunikasiya sahəsində çalışan əməkdaşlar olaraq biz də informasiya mühitinin təhlükəsizliyinə, rəqəmsal xidmətlərin etibarlılığına və vətəndaşların məlumatlarının qorunmasına məsuliyyətlə yanaşmalıyıq.
Müasir dövrdə kibertəhlükəsizlik də bu məsələlərin mühüm tərkib hissəsidir. Rəqəmsal infrastrukturun dayanıqlılığının təmin olunması, informasiya sistemlərinin qorunması və mümkün kiberhücumların qarşısının alınması dövlətin ümumi təhlükəsizlik siyasəti baxımından mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə hər bir əməkdaşın texniki biliklərinin artırılması, təhlükəsizlik qaydalarına riayət etməsi və xidməti məlumatların məxfiliyini qoruması vacibdir.
Cənab Prezidentin nitqində qarşıya qoyulan mühüm vəzifələrdən biri də ölkəmizin iqtisadi potensialının artırılması, investisiyaların cəlb olunması, enerji və nəqliyyat imkanlarından səmərəli istifadə edilməsi, eləcə də regionların inkişafının davam etdirilməsidir. Qarabağ və Şərqi Zəngəzurun bərpası, Böyük Qayıdışın sürətləndirilməsi də dövlətimizin əsas prioritetlərindəndir.
Bu genişmiqyaslı inkişaf prosesində rəqəmsal infrastrukturun və telekommunikasiya xidmətlərinin xüsusi rolu vardır. Regionlarda keyfiyyətli rabitə və internet xidmətlərinin təmin edilməsi əhalinin informasiya imkanlarını genişləndirir, təhsil və sahibkarlığın inkişafına şərait yaradır, dövlət xidmətlərinin əlçatanlığını artırır.
Bu baxımdan biz YAP üzvlərinin qarşısında duran əsas vəzifələrdən biri göstərilən xidmətlərin keyfiyyətini yüksəltmək, telekommunikasiya infrastrukturunun dayanıqlılığını təmin etmək, müasir texnologiyaların tətbiqini genişləndirmək və abonent müraciətlərinə operativ yanaşmaqdır. Hər bir əməkdaş öz fəaliyyətinə məsuliyyətlə yanaşmalı, əmək intizamını qorumalı və müəssisənin qarşısında duran vəzifələrin yerinə yetirilməsində fəallıq göstərməlidir.
Qurultayda səsləndirilən fikirlər bir daha göstərir ki, Azərbaycanın gələcək uğurları milli birliyin qorunmasından, müstəqil siyasətin davam etdirilməsindən, təhlükəsizliyin möhkəmləndirilməsindən və hər bir sahədə peşəkar fəaliyyətin təmin olunmasından asılıdır. Yeni Azərbaycan Partiyasının üzvləri və fəalları olaraq dövlətimizin inkişaf strategiyasının mahiyyətini düzgün anlamalı, Prezidentimizin müəyyən etdiyi hədəflərin həyata keçirilməsinə öz əməyimizlə töhfə verməliyik. Eyni zamanda, cəmiyyətimizdə milli-mənəvi dəyərlərin, vətənpərvərlik hissinin və dövlətçilik mövqeyinin möhkəmləndirilməsinə daim diqqət yetirməliyik.
Əminliklə qeyd edə bilərik ki, qarşıya qoyulan vəzifələrin ardıcıl və məsuliyyətli şəkildə yerinə yetirilməsi Azərbaycanın daha da güclənməsinə, beynəlxalq nüfuzunun artmasına və xalqımızın rifahının yüksəlməsinə xidmət edəcəkdir.
Əhməd Həsənov
YAP fəalı, “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi”MMC-in Culfa rayon sektorunun müdiri