Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Əkbər QOŞALI (Fazil Mustafanın “Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” kitabı üzərinə bir neçə söz) Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hüquqşünas, fəlsəfə doktoru Fazil Mustafanın yeni kitabı – “Azərbaycan: Qaranlıq keçmişdən aydınlıq tarixə” – bir düşüncə toplusu olmaqla yanaşı, həm də milli-ideoloji durumun, tarix bilincinin və dini-təfəkkür vərdişlərinin köklü sorğulanmasıdır.
Belə sorğulama kimimizə xoş gələr, kimimizə xoş gəlməz - bu da normal hal sayılmalıdır.
Biz bir fikir adamının kitabında bizi qane etməyən məqamları top-tüfənglə qarşılamamalıyıq.
Adıkeçən kitabın redaktoru olmaq surətiylə ilk dəfəydi Fazil bəylə belə dərin yaradıcı fikir alış-verişində bulunurduq; məmnuniyyət və qədirşünaslıqla vurğulamalıyam ki, mənim redaktor olaraq irad, tənqid və önərilərimdən bir çoxunu qəbul etdi və qəbul etmədiklərinə də müəllif özünüsavunma modunda deyil, təmkin və anlayışla yanaşdı.
Ona görə, belə hesab edirəm, oxucuların bir sıra polemik məqamları olan bu kitaba dair konstruktiv fikirləri ümumi işin xeyrinə ola bilər.
Kitab çağdaş Azərbaycan türklüyünün nəyi itirib, nəyi mənimsədiyini, nəyə sarılıb, nəyi yanlış davam etdirdiyini cəsarətli şəkildə düşüncə dartışmasına çıxarır.
Tərifdən çox mədəni-diaqnoz, tərənnümdən çox tənqidi metodologiya ilə… Oxucu da bu kitabın mövzusu üzrə rutin dəyişikliyinə xor yox, xoş baxmaqla heç nə itirməz.