İdeyalar aləminə səyahət

20.06.2026

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Tomas Mannın “Sehirli dağ” romanı haqqında

əvvəli ötən saylarımızda

Hans Kastorp Klavdiya Şoşaya getdikcə daha möhkəm bağlanır. Əvvəl-əvvəl onlar gözləriylə danışırlar, sonra yavaş-yavaş kəlmə kəsməyə də başlayırlar. Hans duyğularını ətrafdakılardan gizlətməyə çalışmır, əksinə, Klavdiyaya vurulduğunu hamının bilməyini istəyir.

Settembrini Hansa “Tərəqqiyə yardım liqası”nın fəaliyyətindən danışır - onlar “Əzabların sosiologiyası” adlı çoxcildlik nəşrdə insan acılarını həm təsvir eləməyə, həm də təsnifləndirməyə cəhd göstərirlər. Lodovikoya ədəbi cildi hazırlamaq tapşırılıb, bu cilddə o, kitablarda rast gəlinən bütün mümkün konfliktləri araşdırmalıdır. İtalyan deyir ona tapşırılan işləri dağ başında oturub da görə bilər, ancaq Hans Kastorpun peşəsiylə məşğul olmaq istəyən kəs aşağılarda fəallıq göstərməlidir, ona görə də neçə ki buralarda kök atmayıb, Hans sanatoriyanı tərk eləyib geri qayıtmalıdır.

Qohumlar bir gün bağçada baş həkimlə rastlaşırlar, Hans madam Şoşanın portretinə baxmaq üçün onun qəbuluna düşmək istədiyini bildirir.

Noyabrda dağlara qış gəlir. “Berqhof” milad bayramının intizarıyla yaşayır. Həmin günlərdə Kastorp anatomiya ilə maraqlanmağa başlayır. Bayrama qədərki altı həftə bir göz qırpımında ötür. Sanatoriyada bayram karnavalı olduqca təmtəraqlı keçirilir (müəllif Hötenin “Faust”una istinadla həmin fəsli “Valpurgiya gecəsi” adlandırır), tamaşalar qurulur, hamıya hədiyyələr paylanır. Hans Kastorp bayram ərəfəsində ağır yataq xəstələrinə xüsusi diqqət göstərir, dayoğlusuyla birgə neçə xəstənin ölümqabağı son təsəllisi olur.

Karnaval həftəsində, müəllifin adlandırdığı kimi, ifritələrin oynağa çıxdığı Valpurgiya gecəsində Hans Klavdiyaya eşq elan eləyir. Madam Şoşa pərəstişkarını qarşıda onu gözləyən səfər barədə məlumatlandırır, üstəlik söz verir ki, “Berqhof”a qayıdanda aşiqinin istədiyi hədiyyəni - ciyərlərinin rentgen çəkilişini Hansa yadigar olaraq bağışlayacaq.

***

Tövsiyələrini qulaqardına vurduğuna görə Settembrini Hansdan küsüb bir neçə həftə onu dindirmir. Pasxa bayramı günlərində o, qardaşlarla vidalaşıb deyir ki, özünə “ömürlük” diaqnoz qoyulandan sonra sanatoriyadan çıxmaq qərarına gəlib, indən belə qadın dərzisinin evində otaq kirələyib kənddə qalmaq fikrindədir.

Ümumən, yazın gəlişiylə sanatoriyanı özbaşına tərk eləyənlərin sayı da artır. Yoaxim fikir verir ki, Hans doktor Krokovskinin yanına tez-tez gedir, botanika, astronomiya elmləriylə maraqlanır. Bir dəfə gəzintidə qohumlar Settembriniyə rast gəlirlər, italyan könülsüz də olsa onları qədim dillər üzrə professor, Roma katolik kilsəsinin yezuitlər ordeninə mənsub Qalisiya yəhudisi Leo Nafta ilə tanış eləyir. Həmin axşam dördlük müxtəlif mövzularda qızğın mübahisəyə girişir, Nafta cəmiyyətin sağlamlaşması üçün müharibənin zəruri olduğu fikrinə tərəfdar çıxır.

Bundan sonra gənclər ara-sıra Naftanın görüşünə getməyə başlayırlar. Mühafizəkar professor liberal Settembrininin antipodudur, onlar daim fikir mübarizəsi aparırlar, Nafta məsələlərə xristian əxlaqının zəruriliyi, cəmiyyətin harmonik inkişafı naminə terrorun vacibliyi kimi sərt, radikal mövqelərdən yanaşır. Belə söhbətlərdən sonra renessans ideyalarının təəssübkeşi Settembrini gəncləri kirayələdiyi quş damına aparıb onların beynini Naftanın zəhərli təsirindən arındırmağa çalışır.

Sentyabrın əvvəlində Yoaxim baş həkimi sanatoriyadan çıxmaq istədiyi barədə məlumatlandırır. Qəzəblənib özündən çıxan doktor Berens Hans Kastorpa deyir ki, o, sağlamdır, istəsə qohumuna qoşulub o da evə gedə bilər. Amma Hans sanatoriyada qalmağı seçir, aşağıdakı həyat onu nədənsə çəkmir.

Yoaximin gedişindən bir neçə ay sonra Hansın yemək masasını dəyişib onu Settembrininin yerinə keçirirlər. Madam Şoşaya vurulmuş Ferdinand adlı gənc Hansa mehribanlıq göstərib onunla dostlaşır. Kastorpun ana tərəfdən qohumu, himayədarı Cems Tinapel “Berqhof”a gəlib çıxır ki, buralarda ilişib qalmış Hansı özüylə evə qaytarsın. Di gəl, qoca özünün də sanatoriyanın lillənmiş zamanında lövbər salmaq təhlükəsi qarşısında olduğundan tezliklə duyuq düşüb heç kimə heç nə demədən, arxasına baxmadan dağdan düzə enir.

Leo Naftanın atası ravvin (yəhudi ruhanisi) olub. İki xristian uşağının müəmmalı ölümündə suçlu bilindiyinə görə onu dara çəkiblər. Anasının ölümündən sonra Leybe (əvvəl onu belə adlandırıblar) öz yolunu sərbəst seçmək imkanı qazanıb. Bir katolik ruhanisiylə görüş onun həyatını dəyişib - Leybe xristianlığı qəbul eləyib xaç suyuna çəkiləndən sonra “Dan ulduzu” pansionuna yerləşib. Xəstəlik ona xalis yezuit həyatı yaşamaq şansı verməyib, ona görə də Naftanı Davosdakı tədris müəssisələrindən birində dərs demək üçün dağlara göndəriblər.

Hans çiyinlərinə qonmuş bir cüt mələklə (bəlkə cinlə?) dağlarda çox vaxt keçirir, onların uzun-uzadı mübahisələrinə şahidlik eləyir, arabir özü də diskussiyaya qoşulur. İtalyanla yəhudi gənc Kastorpun hələ bulanmamış beynini təmiz lövhə (tabula rasa) kimi saf ruhunu zəbt eləməkdən, onu özləri bildiyitək tərbiyələndirməkdən ötrü gərgin yarışa girirlər - elə bil onların irəli sürdükləri nəzəriyyələrin, etiqad bəslədikləri əqidələrin taleyi məhz Hansın kimə tərəfdar çıxacağından asılıdır. Ancaq müəllif qəhrəmanını belə bir tərəfkeşliyə sürükləmir, Hans “müəllimlərinin” heç biriylə axıracan razı deyil, hərçənd Settembrininin mövqeyini özünə bir köynək yaxın sayır.

***

Hans Kastorpun “Berqhof”dakı ikinci qışı birincidən sərt, daha da qarlı-boranlı keçir. O, həkimlərdən gizli dağlarda xizək sürməyə başlayır. Bir dəfə də elə bir çovğuna düşür ki, ölümdən canını güclə qurtarır. Dörd yanını qar almış ovçu komasının yanında mürgüləyən Hans simvolik işarələrlə dolu bir üzü işıqlı, bir üzü qaranlıq yuxu görür, həmin yuxunu əsərin başlıca ideyasına açar da saymaq olar:

Yuxusunda Hans Kastorp bir cənub dənizinin sahilində, fonunda dağlar ucalan mənzərəli bir körfəzdə çimən, cürbəcür ağacların kölgəsində dincələn, günəş vannasında üzən bəxtəvər insanlar görür. Burada hamı gözəl, sağlam, ağıllı, həm də xoşbəxtdir, günəş adamlar bir-birilərinə bəslədikləri sevginin ilğımında, eyni hisslərin qoynunda əriyib itirlər.

davamı növbəti sayımızda

F.Uğurlu

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью