İdman meydanları qarşıdurma və nifrət məkanı deyil

27.11.2026

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


Gürcüstanın Batumi şəhərində “Beşiktaş” və “Hapoel Beer-Şeva” komandaları arasında baş tutan matç zamanı yaşanan acı olaylar doğrudan da hamımızı üzdü. Türkiyə bizim qardaşımız, Gürcüstan isə dostumuzdur. Hesab edirik ki, bu hadisələr hərtərəfli araşdırılmalı və zorakılığı təhrik edənlərin şəxsiyyəti və onların motivləri sorğu-sual edilməlidir. Çünki bu cür hadisələr Türkiyə-Gürcüstan qonşuluq münasibətlərinə zərər verə və hər iki xalqın maraqlarına zidd nəticələrə gətirib çıxara bilər.
Bu baxımdan, hadisə ilə bağlı bütün tərəflərin iştirakı ilə şəffaf və obyektiv araşdırmanın aparılması olduqca vacibdir. Araşdırmanın nəticələri ictimaiyyətə açıqlanmalı, günahı sübuta yetirilən şəxslər isə milliyyətindən, vətəndaşlığından və hansı tərəfi təmsil etməsindən asılı olmayaraq qanun qarşısında cavab verməlidirlər.
İdman meydanları qarşıdurma və nifrət məkanı deyil, xalqları birləşdirən dostluq və rəqabət platforması olmalıdır. Bir matçın nəticəsi və ya ayrı-ayrı şəxslərin məsuliyyətsiz davranışı Türkiyə, Gürcüstan və region xalqları arasında mövcud olan tarixi, mədəni və dostluq əlaqələrinə kölgə salmamalıdır.
Hesab edirik ki, belə halların təkrarlanmaması üçün idman tədbirlərində təhlükəsizlik tədbirləri gücləndirilməli, azarkeşlər arasında qarşılıqlı hörmət və tolerantlıq təşviq olunmalıdır. Eyni zamanda, hadisələrlə bağlı yayılan məlumatların və görüntülərin emosional şəkildə deyil, hüquqi və faktoloji əsaslarla qiymətləndirilməsi zəruridir.
Biz Türkiyə və Gürcüstan xalqları arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsini arzulayırıq. Əminik ki, bu insident sağlam düşüncə, dialoq və qarşılıqlı hörmət prinsipləri əsasında öz həllini tapacaq. Zorakılığa, təxribata və nifrət çağırışlarına heç bir halda yol vermək olmaz. Çünki bu gün region xalqlarının qarşıdurmalara deyil, birlik və həmrəylik yaradan ortaq dəyərlərə daha çox ehtiyacı var. Azərbaycan olaraq bütün dostlarımıza, müttəfiqlərimizə sülh və həmrəylik arzulayırıq!.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью